İstanbulda bank kartını və İBAN nömrəsini dostuna verən 20 yaşlı gənc 22 ildən çox həbs cəzası alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “DHA” agentliyi məlumat yayıb. Bank kartını dostuna etibar edən 20 yaşlı gənc barəsində olduqca ağır məhkəmə hökmü çıxarılıb.
İstanbulda 20 yaşlı kuryer Bülent Karaçeper hesabının bloklandığını bildirən bir dostuna IBAN nömrəsini, bank kartını və şifrəsini verib.
Dostunun həmin kartdan maliyyə fırıldaqçılığı məqsədilə istifadə etməsi səbəbindən gəncə qarşı ümumilikdə 55 fərqli dələduzluq maddəsi üzrə rəsmi cinayət işi başlanılıb.
Məhkəmə hələlik həmin 55 cinayət işindən yalnız 6-sı üzrə öz yekun qərarını elan edib.
İlkin qərara əsasən, 20 yaşlı təqsirləndirilən şəxs 22 il 2 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Digər cinayət işləri üzrə də araşdırmalar davam etdirilir.
Hüquqşünaslar vətəndaşları öz şəxsi bank məlumatlarını, kartlarını və İBAN nömrələrini heç bir halda, hətta ən yaxın dostlarına belə təqdim etməməyə çağırırlar.
Çünki qanunvericiliyə görə, həmin kart vasitəsilə törədilən maliyyə cinayətlərinə və dələduzluq əməllərinə görə birbaşa hesab sahibi məsuliyyət daşıyır.
Xuraman Etibarlı
İnterpress.аz






