Hökumət keçən il xaricdən təxliyə və repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb.
Bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.
Bildirilib ki, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub.
Sudandakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan vətəndaşı 2023-cü il 26 aprel tarixində ölkəmizə repatriasiya olunub.
Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb.
Suriyadan Azərbaycana 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda 2018-2023-cü illər ərzində İraqdan 288 nəfəri uşaq və 2 nəfəri qadın olmaqla, ümumilikdə 290 nəfər Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib. Hazırda İraqda Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.