Rusiyada keçmiş sevgilisini qısqanan sərxoş kişi odlu silahla səhvən öz dostunu öldürüb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Omsk vilayətinin Solyanoe kəndində qısqanclıq və sərxoşluq zəminində dəhşətli ölüm hadisəsi qeydə alınıb.
48 yaşlı yerli sakin küçədə keçmiş sevgilisini görərək qəfildən onu qısqanıb. O, dərhal evinə gedərək ov tüfəngini götürüb və 32 yaşlı dostu ilə birlikdə yerli mədəniyyət evinin qarşısına gəlib.
Şübhəli şəxs gənc qızı çağıraraq silahı ona tərəf tuşlayıb. Qorxuya düşən qız sürətlə qaçmağa başlayıb, bu əsnada yoldaşı olan dostu qızla silahlı şəxsin arasında dayanaraq tərəfləri sakitləşdirməyə çalışıb.
Lakin qısqanc kişinin həddindən artıq sərxoş olması səbəbindən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun dostuna dəyib.
Ağır yaralanan dost hadisə yerindəcə dünyasını dəyişib. Qatil polis əməkdaşları tərəfindən dərhal saxlanılıb.
Faktla bağlı qəsdən adamöldürmə və silahla qanunsuz rəftar maddələri ilə cinayət işi başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






