ABŞ müharibənin ikinci ilində Ukraynadan Rusiya ilə mübarizə planını təkmilləşdirməyi tələb edir.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, amerikalı tərəfdaşlar gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu zamanı bu məsələni Prezident Volodimir Zelenski ilə müzakirə etməyi planlaşdırırlar.
Analitiklərin fikrincə, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məsələni V.Zelenski ilə müzakirə edəcək.
Nəşrin yazdığına görə, bu mövzunun müzakirəsinə səbəb Vaşinqton və Kiyev arasında son vaxtlar yaranmış problemlərdir.
Vurğulanıb ki, Ukrayna ordusunun 2023-cü ildən həyata keçirdiyi əks-hücum əməliyyatları ABŞ və Avropanın əhəmiyyətli dəstəyinə baxmayaraq, ciddi irəliləyişlə nəticələnmədi.
İkincisi, Vaşinqtondakı rəsmilər Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasındakı fikir ayrılığının yeni strategiyanın hazırlanmasına mane olduğundan narahatdırlar.
Nəşrin həmsöhbəti qeyd edib ki, Ukrayna ordusu hazırda 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. Prezident əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.