Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev bələdiyyələrlə bağlı islahatların ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.
Deputat qeyd edib ki, kiçik bələdiyyələrin çoxluğu, xüsusi güc və rıçaqlara malik olmaması onların birləşməsini şərtləndirən əsas səbəblərdən biridir.
Onun sözlərinə görə, kiçik bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələ illərdir parlamentin plenar və komitə iclaslarında qaldırılır: “Ona görə də hazırda sevinirik ki, məlum istiqamətdə çox ciddi prosesə start verilib. Tezliklə məsələ müzakirəyə çıxarılacaq və bununla da bələdiyyələrin fəaliyyətində müsbət xarakterli dəyişikliklərə şahidlik edəcəyik”.
Deputat əlavə edib ki, birləşmələrdən sonra gedişatın müsbət və daha faydalı olacağı, daha dinamik xarakter alacağı mütləqdir: “Çünki qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdən sonra həm bələdiyyələrin gücü geniş şəkildə artacaq, həm onların təsir imkanları genişlənəcək, həm koordinasiya baxımından effekt hiss olunacaq, həm inzibati-idarəetmə xərcləri optimallaşaq, həm də bələdiyyələrin özlərinin saxlanılmasına sərf olunan xərclərə qənaət ediləcək. Bu isə hər kəsin arzusudur. Ələlxüsus da bələdiyyələrin və bələdiyyə üzvlərinin”.