Kuba dövlət mediası şənbə günü ABŞ-ın Florida ştatından reaktiv ski ilə ölkəyə gələn şəxsin terror cəhdinin qarşısı alındığını açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kuba dövlət mediasının verdiyi məlumata görə, Floridada yaşayan Kuba vətəndaşı reaktiv ski ilə adaya çatıb. O, maşını adanın şimal sahilində qoyub oradan Kubanın içərilərinə doğru irəliləyib.
Xəbərdə hücum planının Nueva Nacion Cubana (Yeni Kuba Milləti) və La Nueva Nacion Cubana en Armas (Silahlı Yeni Kuba Milləti) adlı iki təşkilatla əlaqəli olduğu iddia edilib.
Kuba dövləti hər iki təşkilatı terror təşkilatı kimi müəyyənləşdirir.
Saxlanılan şəxsdən bir neçə silah, jurnal və sursat götürüldüyü iddia edilib.
Saxlanılan şəxsin Kubada zorakılıq aksiyalarında iştirak etmək üçün adamlar axtardığı bildirilib. Xəbərdə, məsələ ilə bağlı aparılan araşdırmalar çərçivəsində həm Kuba, həm də Cənubi Floridada yaşayan bəzi insanlar haqqında məlumat toplandığı bildirilib.
Terror aktı hazırlamaqda ittihamlar Kubanın 80-dən çox xarici ölkə vətəndaşı və təşkilatını terrorçular siyahısına əlavə etdikdən sonra ortaya çıxıb.
Siyahıya hücumu planlaşdırmaqda ittiham olunan iki təşkilat da daxil edilib. Təşkilatlar “Kuba dövlətinin təhlükəsizliyinə qarşı fəaliyyətlər təşkil edən və həyata keçirən ABŞ-da yerləşən cinayət strukturları” kimi qiymətləndirilib.