Venesuela prezidenti Nikolas Maduro ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Narkotiklərlə Mübarizə İdarəsini (DEA) ölkəsində “çaşqınlıq” yaratmaqda ittiham edib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Paytaxt Karakasda keçirilən “Yeni Dövr Konqresi”ndə çıxış edən Maduro, CIA və DEA-nın Venesuelada şiddət, xaos və çevriliş planları qurmağa çalışdıqlarını və bunları Kolumbiyadakı DEA bazasında hazırladıqlarını bildirib.
Keçən il Bolivar inqilabına qarşı “dörd sui-qəsdin” qarşısını aldıqlarını xatırladan Maduro deyib ki, Kolumbiya ordusunun kəşfiyyat agentləri DEA bazasında, yəni Kolumbiya ərazisindən Venesuelaya qarşı zorakılıq, terror, sui-qəsd və çevriliş planlaşdırır.
Bolivar inqilabına qarşı mümkün hərəkətlərin ictimaiyyətdən ciddi reaksiyalar alacağını vurğulayan Maduro ordu və xalqın demokratiya və sülhü “ən güclü” şəkildə müdafiə edəcəyini bildirib.
Maduro Venesuelaya qarşı planlaşdırılan sui-qəsdlərin qarşısını almaq üçün “maksimum məsuliyyət” elan etdiklərini və ölkəsində zorakılığın yenidən canlanmasına imkan verməyəcəklərini bildirib.
Prezident Maduronu müdafiə naziri Vladimir Padrino Lopez və yüksək rütbəli hərbi komandirlər müşayiət edib.