Məşhur “Sənə başlıq pulu verəcəyəm” (“Zа tebya kalım otdam”) mahnısının ifaçısı Murat Txaqaleqov təcili əməliyyat olunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məşhur “Zа tebya kalım otdam” hitinin ifaçısı Murat Txaqaleqov Novosibirskdə təcili olaraq xəstəxanaya yerləşdirilib.
Sənətçidə kəskin qida borusu qanaxması başlayıb və hazırda o, təcili cərrahiyyə əməliyyatına hazırlanır.
İfaçı iyunun 13-də Novosibirskdəki “Ruki Vverh” barında planlaşdırılan konsertindən dərhal əvvəl, elə hava limanından birbaşa xəstəxanaya aparılıb.
Hazırda həkim nəzarətində olan sənətçiyə yaxın günlərdə liqasiya əməliyyatı olunacaq – qida borusundakı qan damarları yeni qanaxmaların qarşısını almaq üçün xüsusi həlqələrlə sıxılacaq.
Onun ən azı iki həftə xəstəxanada qalacağı, yaradıcılıq fəaliyyətinə isə iyul ayında qayıda biləcəyi gözlənilir.
Həkimlər təkrar qanaxma riski səbəbindən Murat Txaqaleqova təyyarə ilə uçuşları qəti şəkildə qadağan ediblər.
Səhhətində yaranan bu qəfil problemlə əlaqədar sənətçinin planlaşdırılan bütün konsertləri rəsmi olaraq ləğv edilib.
Həmçinin onun iyunun 28-də Gelencikdə və iyulun 2-də Vladimirdə gözlənilən çıxışlarının da təxirə salınması ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, məşhur mahnıların ifaçısı olan Txaqaleqov son zamanlar sosial şəbəkələrdə yayılan viral videolar sayəsində növbəti böyük populyarlıq dalğasını yaşayır.
Xuraman Etibarlı
İnterpress.az






