Mozambikin şimalındakı Nampula bölgəsində silahlı qruplar tərəfindən 72 uşağın qaçırıldığı bildirilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Lusa agentliyinin xəbərinə görə, ölkənin şimalındakı Nampula bölgəsinin rəsmilərindən Albertina Ussene bildirib:
“Nampulada silahlı qruplar tərəfindən həyata keçirilən son hücumlar zamanı 72 uşaq qaçırıldı, qaçırılan uşaqlardan 29-u xilas edilərək ailələrinə qovuşdu”.
Bölgədə humanitar yardım işləri aparan qeyri-hökumət təşkilatları hücumlarda ölənlərin sayının hələ müəyyən edilmədiyi barədə məlumatı paylaşaraq, çoxlu sayda məscid, məktəb, kilsə, ev və dükanın zərər gördüyünü açıqlayıb.
Hücumlara görə Ənsarus Sünnə təşkilatı məsuliyyət daşıyır.
2017-ci ildən bəri Ənsar’us Sünnə terror təşkilatının Mozambikin Kabo Delqado bölgəsində mülki şəxslərə qarşı təşkil etdiyi hücumlarda 4 minə yaxın insan həyatını itirib, yüz minlərlə insan didərgin düşüb. Kabo Delqado bölgəsində son aylarda artan hücumlar səbəbiylə əksəriyyəti qadın və uşaq olmaqla təxminən 100 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Fransanın “Total” enerji şirkəti təbii qazın və qiymətli metalların yerləşdiyi Kabo Delqadoda mayeləşdirilmiş təbii qaz qurğusu inşa edir. Təhlükəsizlik problemləri səbəbilə fəaliyyətini dayandıran Total, təhlükəsizlik təmin olunduqdan sonra əməliyyatların yenidən başlayacağını açıqladı.
Təşkilat bölgədəki strateji nöqtələri ələ keçirdikdən sonra xarici muzdlular və Cənubi Afrika İnkişaf Birliyinin (SADC) missiyası terrorla mübarizəyə başlayıb.
SADC missiyasında Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Lesoto, Malavi, Cənubi Afrika, Tanzaniya və Zambiyadan yüzlərlə əsgər xidmət edir. Ruanda da xüsusi bölmələri ilə terrorla mübarizəni dəstəkləyir.