Onun və hamımızın hekayəsi – Kənan Hacı yazırbackend

Onun və hamımızın hekayəsi – Kənan Hacı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun və hamımızın hekayəsi – Kənan Hacı yazır…

Əli Rzazadənin “Onun hekayəsi” kitabıyla bağlı qeydlər.

 Elə yazıçılar var ki, həyatın gerçək üzünü yazırlar. Dostoyevski necə deyirdi? “Bəzən həyatda baş verənlərə heç bir müdaxilə etmədən sadəcə, yazıya köçürmək lazımdır”. Həyat İlahi qüvvə tərəfindən yazılmış vahid mətndir, bütün sonrakı mətnlər onun hissələridir. Tanrı özünün yaratmaq qüdrətini yalnız seçilmiş insanlara bəşx edir, yazıçılar da bu qəbil insanlardır. Bir insanın içində yazmaq coşqusu varsa, ona bir kimsə mane ola bilməz. Nəsr gecənin səhərə çevrilməsi kimi təbii prosesdir. Onun qarşısını heç nəylə almaq mümkün deyil.

Yazıçının hər döydüyü qapının arxasından bir hekayə çıxır və gözlənilməz anda onlar yazıya çevrilir. Gerçəyin absurd formada yenidən yaradılmasıdır ədəbiyyat. Nəsillər dəyişdikcə ədəbiyyat da yenilənir, yeni düşüncə tərzi, yeni paradiqmalar yaranır. Əli Rzazadə yeni ədəbi nəslin nümayəndələrindəndir. O, ixtisasca şərqşünasdır, ərəb-fars dilləri üzrə mütəxəssisdir, Sumqayıt Dövlət Universitetində dərs deyir. Onu “Yağış” romanı ilə tanımışam və dostluğumuza da elə bu roman səbəb oldu. Bir-iki il bundan öncə Əlinin “Sonsuz” romanını oxudum və onun dilə, müraciət etdiyi mövzuya nə qədər həssaslıqla yanaşdığını gördüm. Anlaşıqlı dil, sadə üslub, ahıl bir insanın qəribə taleyi oxucunu özünə cəlb edir. Əli Rzazadə insan mənzərələri yaratmağı bacaran yazıçıdır. Tənha bir qoca nə az, nə çox, otuz il “sonsuz” damğasıyla yaşayır. Halbuki, özgə məmləkətdə doğma övladları yaşayır. Bəs bunu bilə-bilə niyə “sonsuzluq” yükünü illər boyu daşımalı olur? Romanın yazılma səbəbi də elə bu sirdir.

Bizdə nədənsə son dörvrlərdə yaranan əsərlər ədəbi tənqidin diqqətindən kənarda qalır. Tənqidçilər üç-dörd yazıçının məhvərində dolanmaqdan yorulmurlar. Müasir dövrün ədəbi mənzərəsi haqqında ardıcıl, sistemli yazılar yazılmır. Bu günlərdə müstəqillik dövrü Azərbaycan romanıyla bağlı bir kitab əlimə keçdi, vərəqlədim, kitabda yalnız xalq yazıçılarının əsərləri təhlilə cəlb olunur. Bəs yerdə qalanları? Axı son illərdə kifayət qədər rezonans doğuran əsərlər yaranıb? Onlar müstəqillik dövrünə aid deyilmi? Antologiyalar da bu prinsiplə hazırlanır. Bu ədəbi monopoliya kənardan ikrah doğurur.

Əli Rzazadə yeni nəslin istedadlı yazıçılarındandır. Onun yenicə çapdan çıxmış “Onun hekayəsi” hekayələr kitabını oxuyanda dilin, təhkiyənin, üslubun mükəmməlliyinə heyran oldum. “Məhəlləmizin uşaqları” hekayəsi adıyla məşhur Nobelçi Misir yazıçısı Nəcib Məhfuzu xatırladır. Müəllif bu adı təsadüfən seçməyib. Birinci şəxsin dilindən nəql olunan hekayədə hadisələr Misirdə baş verir. Bələdçi qonağa qaldığı otağın həyətə açılan pəncərəsindəki pərdəni aralayıb ora baxmamağı tövsiyyə edir, çünki orda dəlilər yaşayır. Maraq hissi qonağa güc gəlir, pərdəni aralayır və gördükləri onu bərk təəccübləndirir. İdman geyimli qocalar aerobika ilə məşğul olurdular. Qonaq bir gün marağını boğa bilməyib onların yanına düşür və qocaların həyatıyla tanış olur. Yetmiş səkkiz yaşlı qoca Ali Məhkəmənin hakimi olub, indi təqaüddədir və ailəsiylə birlikdə bu sakit guşəyə çəkiliblər və öz xoşbəxtlikləriylə baş-başa yaşayırlar. Onlar dövrün ən ağıllı adamlarıydılar. Toplum belə adamlara “dəli” kimi baxır.

“Mən mədəniyyətə, həyata və azadlığa aşiqəm”. Hekayənin mahiyyətini Nəcib Məhfuzun bu cümləsi tam ifadə edir.

“Onun hekayəsi” bir şəhid ailəsinin başına gələn mistik bir əhvalat üzərində qurulub. Hər gecə naməlum bir varlıq başsız qalmış bu ailənin qapısı ağzına yemək dolu tabağ qoyur. Balaca qızcığaz anasına deyir: “Bəlkə bu yeməkləri bizə gətirən atamdır?”

Hekayə həzin notlarla bitir. Müəllif dəbdəbəli sonluqlara meyl etmir, hadisənin məcrası sakit tonda öz sonluğuna yetişir. “Gecə gələn əsgər” hekayəsindəki metaforik zənginlik, şifahi dildən gələn təbiilik, qədim çalarlar  mətnə belə demək mümkünsə, dad-duz qatır. Cəbhədən gecə gələn əsgərin bir qolu şəhid olub. “Dedim eybi yox, nə oğullar canını qoydu torpaq uğrunda, bir qol nədi ki, dərdini çəkim?!” Bu sözləri cəbhədən yaralı qayıtmış Şahin deyir. Bir qanadı qırılmış Şahin… Bu hekayə Vətən savaşı haqqında yazılmış ən yaxşı hekayələrdən biridir.

Əli Rzazadəni bu kitabında bir az da püxtələşmiş gördüm. Yazıçı üçün vacib olan üslub bu hekayələrdə daha qabarıqdır. Qələm dostumu təbrik edirəm. Bilirəm ki, deməyə sözü çoxdur. Oxuduğum hekayələrində gələcəkdə yazacağı əsərlərin rüşeymlərini də sezdim. Uğur olsun!