2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
İnterpress.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı “Diqqət Mərkəzi Seçki” verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”.
R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq.