İsrail şimalda yaşayan təxminən 1,1 milyon Qəzzalı quru, hava və dəniz hücumları ilə köç etməyə məcbur edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İndi o, “təhlükəsiz” adlandırdığı Qəzzanın cənubunun boşaldılması üçün əmrlər verir. Beynəlxalq təşkilatlar xəbərdarlıq edir ki, fələstinli mülki vətəndaşların qaçmaq üçün yerləri tükənir. İsrail oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 16 200 nəfəri öldürüb.
2007-ci ildən quru, hava və dəniz blokadası altında olan şəhərdə mülki əhalinin yaşadığı evlər, məktəblər və xəstəxanalar birbaşa İsrail ordusunun hədəfində olub. İş o yerə çatıb ki, dünya ilə əlaqəsi kəsilən Qəzza dünyanın ən böyük açıq hava həbsxanasından dünyanın ən böyük qəbiristanlığına çevrilib. Tel-Əviv rəhbərliyi heç bir xəbərdarlıq etmədən mülki insanları hədəf alır. O, dünyadan gələn tənqidlərə “evakuasiya xəbərdarlığı” verməklə cavab verir.
İsrail əvvəlcə bombardmanlarla Qəzzanın şimalını yaşayış üçün yararsız hala salıb. Daha sonra o, fələstinlilərin “təhlükəsiz” olduğunu iddia etdiyi cənuba getmələrini xahiş edən elanlar verib.
Lakin “təhlükəsiz” ərazilər yola çıxanlar üçün böyük faciəyə çevrilib. İstər əsas marşrut Səlahəddin küçəsindən, istərsə də sahil yolundan cənuba çatmağa çalışan onlarla mülki vətəndaşın qətliamının görüntüləri mediada əksini tapıb.
Artıq getməyə heç bir yer yoxdur
Şiddətli İsrail bombardmanları Qəzzalıları əvvəlcə şimaldan Qəzzanın mərkəzinə, sonra Xan Yunisə, indi də cənubdan Rəfaha doğru itələyir. Çünki İsrail ordusu hazırda Xan Yunusa qurudan və havadan ağır zərbələr endirir.