Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” 8 dekabr 2023-cü il tarixli Qanunun tətbiqi barədə fərman imzalayıb.
İnterpress.az xəbər verir ki, Nazirlər Kabineti ölkə qanunlarının və prezident aktlarının yeni qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, aşağıdakı normativ hüquqi aktları 6 ay müddətində təsdiq edib prezidentə məlumat verməlidir:
– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 5.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydasını və həmin şəxslərə dair tələblər;
– həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi;
– Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, həmin Qanunun 23.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qiymətləndiricinin peşə məsuliyyətinin sığortası üzrə sığorta təminatına və sığorta məbləğinə dair minimum tələblər;
Bundan başqa, hökumət bir ay müddətində həmin Qanunun 6.2-ci maddəsinin üçüncü cümləsinə və 6.6-cı maddəsinə uyğun olaraq, ixtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləğini, habelə ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin forması və verilməsi qaydalarını təsdiq edib dövlət başçısına məlumat verməli, həmin Qanunun 27.1.1-ci maddəsinə uyğun olaraq, Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyindən 3 nəfər və Maliyyə Nazirliyindən 2 nəfər nümayəndə daxil olmaqla, 5 üzvdən ibarət təşkilat komitəsinin yaradılmasını təmin etməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
“Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tətbiqi ilə bağlı qəbul ediləcək prezident aktları, Nazirlər Kabinetinin normativ hüquqi aktları həmin Qanunun müvafiq maddələrinin qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minə bilməz. Qanunların layihələri hazırlanarkən həmin Qanunun müvafiq maddələrinin qüvvəyəminmə tarixi nəzərə alınmalıdır.