“Rusiyanın imperiya ambisiyaları var, amma Ukraynasız imperiya alınmır”backend

“Rusiyanın imperiya ambisiyaları var, amma Ukraynasız imperiya alınmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında çoxdan gözlənilən videogörüş baş tutdu. Çoxları bu müzakirə sayəsində Şərqi Avropada gərginliyin səngiyəcəyini, Rusiyanın aqressiv Ukrayna siyasətindən geri çəkiləcəyini qeyd edirdi. Bundan sonra hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyi hələlik aydın deyil.

“AzPolitika.info” mövzu ətrafında politoloq Oqtay Qasımovla söhbətləşib. Müsahibəni təqdim edirik:

– Oqtay bəy, ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasında baş tutan 2 saat 1 dəqiqəlik görüş və müzakirələr gündəmdən düşmür. Sizcə, Ukrayna məsələsinin müzakirə edildiyi bu görüşdə hansı məsələlərdə anlaşma əldə olundu, hansılarda olmadı?

– Bu danışıqlar ən azından ona görə müsbətdir ki, qarşı-qarşıya duran iki geopolitik güc arasında müzakirə imkanları hələ tükənməyib və tərəflər masa arxasında fikirlərini bir-birinə çatdırmaq imkanındadır. Rusiya Prezidentinin açıqlamasında bu görüş açıq və konstruktiv müzakirə kimi qiymətləndirildi. Bəli, tərəflər görüş zamanı öz mövqelərini ortaya qoydular. Burada tərəflərin və ya onlardan birinin öz mövqeyindən geri çəkilib-çəkilmədiyi başqa məsələdir. Əsas odur ki, oturub danışmaq, bir-birini dinləmək imkanlarının olduğu nümayiş etdirildi. Şəxsən mənim müşahidələrimə görə, tərəflərdən heç biri öz mövqeyindən geri çəkilmədi. Tərəflər qırmızı xətlərini ortaya qoydu. Xüsusilə, Rusiya açıq elan etdi ki, onun qırmızı xətti var və bu, Ukraynanın NATO-ya qəbul edilməsi, habelə NATO dövlətləri ordularının və hücum silahlarının Ukrayna ərazisində yerləşdirilməsi ilə bağlıdır. Bunun qarşılığında ABŞ elan etdi ki, onlar Rusiya və ya hər hansı bir ölkənin qırmızı xətt anlayışını qəbul etmirlər, Ukrayna ilə münasibətlər inkişaf etdiriləcək. Və NATO-ya daxil olmaq Ukraynanın müstəqil qərarı ilə baş verə bilər ki, bu da Ukraynanın öz hüququdur.

 

Bayden-Putin görüşündə əsas mövzu Ukrayna oldu, ABŞ tərəfi açıq elan etdi ki, əgər Rusiya Ukrayna sərhədlərində cəmləşdirdiyi 175 minlik ordu ilə eskalasiyanı davam etdirsə və vəziyyəti gərginləşdirsə, bu zaman ABŞ-ın konkret sanksiyalarına məruz qoyulacaq. Bu sanksiylar da iqtisadi, maliyyə və siyasi ola bilər. Həmçinin elan edildi ki, əgər ruslar vəziyyəti gərginləşdirməkdə davam edərsə, bu zaman ABŞ və digər ölkələrin hərbçiləri Ukraynaya gəlməkdə davam edəcək. Bildiyiniz kimi hazırda Ukrayna ordusuna 5 ildir ki, Kanada ordusunun zabitləri təlim keçir. Bu zabitlərin içərisində xeyli sayda Ukrayna əsililər də var. SSRİ zamanı Ukraynadan 100 minlərlə insan bir sıra ölkələrə, özəlliklə Kanadaya köç edib. Kanadada Ukraynanın çox güclü diasporası var. Hazırda Ukrayna əsilli kanadalı zabitlər 5 ilə yaxındır ki, burada Ukrayna ordusunu hazırlayır. Eyni zamanda ABŞ-ın 700-ə qədər hərbçisi Ukrayna ordusunda mütəxəssis kimi işləyir. Xüsusilə, onlar hava hücumundan müdafiə sistemləri və digər vacib istiqamətlərlə bağlıdır. ABŞ tərəfi o mesajı verdi ki, gərginlik davam edərsə, Ukraynaya hərbçiləri gəlməkdə davam edəcək. Həmçinin Böyük Britaniya noyabrda qərar verdi ki, Ukraynada vəziyyət gərginləşməkdə davam edərsə və Rusiyanın təcavüz təhlükəsi artarsa 36 saat ərzində 500 xüsusi təyinatlı Ukraynaya çatdırılacaq.

Qənaətimcə, Rusiya düşünülmüş şəkildə vəziyyəti gərginləşdirir. Altı ay əvvəl də Moskva Ukrayna ilə sərhədə 100 minlik ordu toplayaraq vəziyyəti gərginləşdirdi və iyun ayında Çenevrədə Bayden-Putin danışıqları keçirildi. Məncə, indi Rusiya öz maraqlarını təmin etmək üçün vəziyyəti gərginləşdirməklə qarşı tərəfi masaya oturmağa məcbur edir. Hər halda tərəflər açıq oynamağa çalışır. ABŞ 2014-cü ildən sonra mümkün qədər Ukrayna məsələsində daha fəaldır və koalisiya yaratmağa çalışır. Bayden-Putin görüşündən sonra ABŞ lideri Fransa, Almaniya, İngiltərə, İtaliya rəhbərləri ilə danışıqlar apardı. Həm də Almaniya ilə ABŞ arasında aparılan danışıqlardan belə nəticəyə gəlmək mümkündür ki, əgər Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəksə, bunun biri də “Şimal Axını-2” layihəsinin dayandırılması və Almaniyanın bu kəmər vasitəsilə alacağı qazdan imtina etməsi ola bilər.

Ümumi nəticə odur ki, bu görüşlə tərəflər mövqelərini bir-birinin diqqətinə çatdırdı və ola bilsin ki, savaş bir qədər ertələndi. Qısaca bu danışıqların nəticəsində müharibə olmadı, amma sülh də əldə edilmədi. Yəni nə müharibə, nə də sülh.

– Bayden-Putin müzakirəsi bundan sonra hadisələrin axarına hansı formada təsir göstərə bilər?

– Tərəflər öz mövqelərində qaldığı üçün proses də bu cür davam edəcək. Müəyyən qədər səngiyəcək, amma sonrakı mərhələdə Rusiya tərəfindən prosesin gərginləşdirilməsi istiqamətində addımlar atılacaq. Faktiki Rusiya Ukrayna ətrafında hərbçilər yerləşdirməklə bu ölkəni mühasirəyə almağa çalışır. Məsələn, şimal istiqamətində-Belarus-Ukrayna sərhədlərində Rusiya ordusunun 10 minə yaxın desant qrupları yerləşdirilib. Şərq sərhədlərində 100 batalyona – 170 minə yaxın hərbçinin yerləşdiyi barədə informasiya səsləndirilib. O cümlədən Krım ərazisində yerləşən hərbi hissələr vasitəsilə cənubdan Ukraynanı mühasirəyə almağa çalışır. Hətta belə ssenarilər səsləndirilir ki, savaş başlasa Rusiyanın ilk addımı Ukraynanı Qara dənizdən sıxışdırıb çıxarmaq, dəniz sahillərini işğal etmək, Odessa və Mariupol limanlarını tutmaq olacaq.

Görünən budur ki, Ukrayna məsələsi uzun müddət qərb və Rusiya arasında ciddi mübarizə meydanı kimi qalacaq. Yəni burada rəqabət davam edəcək. Nə qədər ki, Ukraynanın işğal edilən əraziləri boşaldılmayıb, Donbas Kiyevin nəzarətinə qayıtmayıb, gərginlik davamlı olacaq.

– Pribaltika ölkələri Rusiya ilə sərhədi olmaqla paralel NATO üzvləridir. Başqa sözlə, Tallindən Moskvaya məsafə o qədər də uzaq deyil, yəni onsuz da NATO Rusiyanın qulağının dibindədir. Ukraynanın qərbə inteqrasiyası və ya NATO-ya üzv olması Rusiya üçün nəyi dəyişdirə bilər?

– Əvvəla, Ukrayna ilə Rusiyanın bağları tarixə gedir və rus eksperlər tərəfindən səsləndirilir ki, bu iki xalqı etnik bağlar birləşdirir. Tarixə getsək, Kiyev Rus dövləti və sonrakı illərdə Kiyev və Moskva knyazlıqları arasında mübarizə olub. Ən vacibi isə geopolitik baxımdan Ukraynasız Rusiya imperiyası mümkün deyil. Başqa sözlə, Ukrayna Rusiyanın olmadıqca imperiya ambisiyalarını həyata keçirmək mümkün deyil. Bu, bir növ orqanizmin işlək orqanlarından biri kimi təsəvvür edilir. Bzejinski də özünün “Böyük şahmat taxtası” kitabında qeyd edir ki, Rusiya imperiyası Ukraynanı nəzarətindən buraxarsa böyük güc olmaqdan çıxaraq regional gücə çevrilir. Bu mənada Rusiyanın Ukraynaya “marağı” heç də təsadüfi deyil.

İkincisi, Rusiyada belə düşüncə var ki, təhlükəsizliyinin təminatı üçün ən azından Ukrayna bufer rolunu oynamalıdır. Rusiyada hesab edirlər ki, ərazilər düzənlik olduğundan Rusiyanın təhlükəsizliyinə təhlükə var. I və II Dünya Müharibələrinin nəticələri də göstərib ki, coğrafi imkanlar təhlükəsizliyə təhdidlər yaradır. Alman ordusu II Dünya Müharibəsində qısa müddətdə Moskva ətrafına gəlib çatmışdı. Ruslar düşünürlər ki, təbii sərhədlər Karpatdan keçməlidir.

Üçüncüsü, arzu edilməyən NATO-Rusiya toqquşması olarsa, bir var raketlər Almaniya və ya Fransadan atılsın, bir də var Xarkovdan və Dnepropetrovskidən. Xarkovdan raketin atılması həm zaman, həm də məsafə baxımından Rusiya üçün təhlükəlidir. Hər halda ruslar belə düşünür. Nəhayət, Putin özü dəfələrlə ona istinad edir ki, 1990-cı illərdə Qərb və Rusiya arasında şifahi razılaşma olub ki, NATO şərqə doğru genişlənməyəcək. Rusiyaya qarantiya verilsə də, sonradan Qərb bunu pozub.

– Bu Qorbaçovla əldə edilən şifahi anlaşma olub, amma diplomatiya yaranan şərtlərə uyğun olaraq dəyişir…

– Sözsüz ki, şərtlər dəyişdikcə münasibətlər, fikirlər və mövqelər də dəyişə bilər. Ona görə də, bu dəfə Rusiya Rrezidenti Amerika tərəfindən etibarlı təminat, yəni yazılı təminatlar istəyirdi. ABŞ da bundan yayındı və Putinə belə təminatlar vermədi.

– Deməli, Ukraynada savaş başlaya və bu böyük gücləri qarşı-qarşıya gətirə və proses Avropaya qədər yayıla bilər…

– Açığı, mən böyük savaşın olacağını gözləmirəm. Çünki bu həm dağıdıcı, həm də nəticəsi bəlli olmayan savaş olardı. Məncə, Rusiya özünün ənənəvi taktikasına əl atır. Vəziyyəti gərginləşdirməklə istədiyinə nail olmaq istəyir. Sadəcə bu dəfə Qərb tərəfindən davranış bir qədər fərqlidir. Mən xüsusilə, ABŞ-ı nəzərdə tuturam. Əslində Qərb ölkələrinin ehtiyatlı və astagəl davranışları olmasaydı… 2008-ci ildə NATO toplantısı zamanı ABŞ-ın israrı olsa da, Almaniya və Fransanın etirazları nəticəsində Ukrayna ilə Gürcüstan NATO-ya qəbul edilmədi. Bundan sonra Gürcüstan və Ukrayna əraziləri işğal edildi. Əgər o zaman hər iki dövlət NATO çətiri altına girsəydi, ola bilsin ki, Rusiya cəsarət tapıb bu ölkələrin ərazisinə soxulmaz və onların torpaqlarını ilhaq etməzdi. Qısacası, mən böyük müharibə gözləmirəm, burada tərəflər bir qədər də əzələ nümayişi göstərəcəklər, bir-birinə daha çox təzyiq göstərməyə çalışacaqlar. Biz də hələ bir neçə il bunu müşahidə edəcəyik. Ukrayna da asta-asta Qərbə inteqrasiya edəcək. Aydındır ki, beynəlxalq münasibətlər də dəyişir, yeni geopolitik reallıqlar yaranır. Qərb və şərq arasında rəqabət təkcə Ukraynada getmir. Sadəcə bu mübarizənin mərkəzlərindən biri Ukraynadır. Müxtəlif bölgələr var. Bizim yerləşdiyimiz bölgə də bu maraq toqquşmalarından biridir. Konkret olaraq Zəngəzur dəhlizinin açılmasına Ermənistan bu qədər müqavimət göstərirsə, bu təkcə İrəvanın özünün mövqeyi və potensialı daxilində olan məsələ deyil. Digər rəqabət bölgəsi Sakit okean regionu, Yaxın Şərqdir. Hətta Arktika uğrunda mübarizə gedir. Amma daha geniş meydan Ukraynadır. Çünki Ukrayna yerləşdiyi mövqeyinə, strateji önəminə, əhalinin sayına, iqtisadi potensialına və formalaşmaqda olan hərbi gücünə görə olduqca əhəmiyyətlidir. Rusiya da bunu nəzərə almağa məhkumdur. Ciddi fikir adamları tərəfindən qəbul olunur ki, Ukraynasız Rusiya beynəlxalq güc olmaq rolunu itirir.

– Qeyd etdiniz ki, Ukraynasız Rusiya imperiyası alınmır. Sizcə, Rusiyanın imperiya ambisiyası, imperiyanı bərpa etmək niyyəti həqiqətən də varmı?

– Əlbəttə, Rusiyanın imperiya ambisiyaları heç vaxt gündəmdən çıxmayıb. Pyotrun zamanından bu yana davam edən ambisiyalar var. Pyotrun vəsiyyətləri hələ də qüvvədədir. Qafqaz ona görə işğal edilmişdi ki, Rusiyanın isti dənizlərə çıxmaq imkanı olsun. Eləcə də Rusiyanın Suriyadakı fəaliyyəti təsadüfi deyil. Rusiya hesab edir ki, rus imperiyası bir zamanlar böyük əraziləri öz tərkibinə qatmışdı. Bura Şərqi Avropa ölkələri də daxildir. 1917-ci ilə qədər Polşa və Finlandiya da bura daxil idi. SSRİ qurulanda Polşa və Finlandiya artıq müstəqil dövlətə çevrilmişdi. Bu səbəbdən də sonrakı dövrdə bütün parametrləri ilə ən önəmli mərkəz Ukrayna idi. Geopolitiklərin düşüncələri də odur ki, SSRİ-nin üç vacib istiqaməti vardı. Biri Rusiyanın qərb sərhədləridir. Bu, Ukrayna-Qara dəniz əraziləridir. Qara dənizdən Baltik dənizinə uzanan xətdə Rusiya özünün təhlükəsizlik yastığını yaratmağa çalışır. Belarus faktiki olaraq son bir ildə Rusiyanın tam nəzarətindədir. Baltik ölkələri ilə Ukrayna arasında baryer quruldu. İkincisi, Qafqazlar, üçüncüsü, Türküstan üzərindən Mərkəzi Asiya, Əfqanıstana qədər xəttdir. Odur ki, bu strateji mövqelər Rusiyanın nəzarətində olmadığı halda, ruslar imperiya olmaq şansını itirir. Ruslar da bu istiqamətdə öz nüfuz dairəsini saxlamğa cəhd edir, çabalar göstərir. İmkanı olanda bunu zor gücünə, şərait yarananda isə “yumşaq güc”lə əldə etmək istəyir. İndi bunu Ukraynada qaba gücü önə çəkməklə əldə etməyə çalışır.