Sözün qanadlarında dünyanı dolanan şəxs – Tənzilə Rüstəmxanlı yazırbackend

Sözün qanadlarında dünyanı dolanan şəxs – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dahilərdin birinin sözü var ki, “Min  kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır”.  

Bu mənada mənim tanıdığım Sona xanımın Böyük Yolu ilk öncə özünə yolçuluqdan başlayıb. O, yoruldum demədən təkcə Azərbaycanın, Türk Dünyasının deyil, həm də bütün insanlığın, xeyirxahlığın və barışın pərvanəsinə dönüb, yolu bəyan edən Sözün qanadlarında dünyanı dolanır. Deyirlər, sevgi və mərhəmət duyğusu Allahdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Sona xanım şerlərində dünyanın qurtuluş yolunu da bəyan edir:

İlahi, hər işin ölçü-biçili, bu küllü aləmi sən yaratmısan. Yer üzü körpəsiz beşiyə dönər, Şeytandan betəri dayandırmasan.

Allah əlbəttə, eşidir, görür, ağı-qaradan seçir, çünki bütün olanlar və olacaqlar onun hökmündən kənar deyil. Çağdaş poeziyamızda şeiri, sözü və şeirlərdəki tər-təmiz, bakirə ruhu, üstünə nəfəs toxunmayan hisslərin poetikasını içinin dərin qatlarından gətirə biləcək az saylı şairlərimizdən biridir yuxarıda misal çəkərək göstərdiyim misraların müəllifi Sona xanım.
Sözsüz ki, poeziyamızın qadın qolunun çox güclü simaları var. Amma mənə şeirində, poetikasında, ruhunda daha doğma olan çox az sayda xanım şairəmiz var ki, onlardan da biri haqqında bəhs etdiyim Sona xanım Vəliyevadır. Bəlkə Sabir Rüstəmxanlı ilə ruh qohumu olduğundandır bu doğmalıq.

Onun şeirlərinin içərisindən özünəməxsus poetik ifadəsi ilə seçilən bir xanım şairə deyil, həm də bir ana, bacı və vətəndaş baxır.

Şairlik böyüklükdür, bu fikrə etinasız olacaq, etiraz edəcək qələm adamı varsa, o adamlar şairliyi vasitə kimi seçənlər ola bilər. Bu böyüklük həm də ondadır ki, geri boylana biləsən və gördüklərini, duyduqlarını, yaşadıqlarını etiraf etməyi də bacarasan və heç nədən çəkinmədən, hər kəsin duya biləcəyi şəkildə deyəsən:
…Bir Allah, bir söz vəfalı,
Güvənməyə kim qalıb ki? –

Necə ki, şairlər içərisində öz boyu, öz səsi, nəfəsi olan Sona xanım Vəliyeva deyib.

Və həm də,

Ən rəhimli bildiyim kəs, Demə ən zalım adammış… – deməkdən də çəkinmir.

Sona Vəliyevanın “Vətən” şeirlərində bir neçə körpə ağlayır. Biri atasını itirib, biri anasını, biri isə özünü itirib, tapa bilmir. Bir az da şeirlərin içinə girəndə körpələr adamın yaxasından yapışır, imdad diləyir. Başını götürüb şeirdən çölə qaçmaq istəyirsən. Amma körpə səsləri daban-dabana səni izləyir. Sanki şair bu şeirləri yazmadan öncə həqiqətən də yaşayıb, sonra yazıb. Elə şeir o vaxt uğurlu olur ki, həyatdan süzülüb gəlir, yaşantı olur. Sona xanım öz şeirlərinin içindəki körpə səsinin tam da ortasında dayanır. Hərdən o səslərə qoşulub vətəndən vətənə – Ərdəbiləcən gedə bilir.

Müəllifin əsərləri arasında arxadan əvvəlinci yerlərdə sıralanan “Arazbari” kitabında Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Allaha və Onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir.

“Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay qaragilə” və “Mən Tanrının yol adamı” bölümlərindən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabda yer alan “Ata evim”, “Salam ata”, “Sərçələrin yurd sevgisi”, “Sökülən evlər, ömürlər, xatirələr” adlı şeirlərin hər biri oxucu gözlərinin önünüdə sanki həsrətlə gözlədiyi efir əsərindən maraqlı epizodları canlandırır. Müəllifin qələmə aldığı şeirlərdə ata ocağı ilə yanaşı, Azərbaycanın darda olan hər bir guşəsi üçün, Arazın o tayı, söndürülməkdə olan Qarabağ ocağı, eləcə də paytaxt Bakıda sökülən evlər üçün eyni hüznlə ağı deyilir.

Bu kitab şairənin keçdiyi çətin və şərəfli ömür yoluna əbədi bir nur çiləmişdir. Vətənə, ayrı-ayrı müqəddəs yerlərimizə, ömür-gün yoldaşına, övladlarına həsr etdiyi şeirlərini oxuyanda istər – istəməz Vətəninə, ailəsinə, övladlarına qırılmaz tellərlə bağlı olan, insan düşüncəsində yalnız yaxşı əməl axtaran zərif və mübariz azərbaycanlı qadınının müdrik obrazını görürsən Şairə xanım özünəməxsus yaradıcılıq üslubu, dəqiq, bəzən isə həddən ziyadə həlim, bəzənsə kəskin və sərt ifadə tərzi ilə seçildiyi kimi orjinal hərəkətləri ilə də aydın mövqe nümayiş etdirir.

Müsahibələrinin birində məlum olur ki, onun iş otağındakı portretlərdən biri də Azərbaycan ədəbiyyatının parlaq simalarından sayılan Cəlil Məmmədquluzadəyə məxsusdur. Bəli, C.Məmədquluzadəyə ehtiram Azərbaycan ədəbiyyatına olan sönməz bir rəğbətin nümunəsidir.

Təmiz adla yaşamaq, ərənlər kimi mübariz olmaq, Vətən və dövlət naminə çalışmaqla bu günümüz üçün də, sabahımıza da nümunələr sırasında olan Sona Vəliyevanın paklıq simasıdır. Şairə xatirələrinin birində deyir: ““Pioner” qəzetində “Hardan başlanır Vətən” mövzusunda inşa müsabiqəsində iştirak etmək üçün sinfimizdə inşa yazan uşaqların hamısı “Sovetlər mənim böyük vətənimdir”, “Vətən sərhəddən başlayır” kimi ifadələr işlətmişdilər, mən yazmışdım ki, Vətən mənim yaşadığım evimizdən, həyətimizdən və hər gün altında oynadığım tut ağacından başlayır”. Bəli, el-obasını, böyüdüyü həyəti, budağından yıxıldığı, kölgəsində sərinlədiyi, odununda qalanan ocaqda qızındığı, atlasıyla bəzəndiyi, tutqurusuna yapışan qum dənəciyinin dişləri arasında xırçıldamasından belə ləzzət ala bilməyən şəxs “Vətən daşı” ola bilməz.

Şairənin şeir yaradıcılığından kiçik bir nümunə:
 
Gözümmü,ağlımmı,qəlbimmi,haqlı
Bu yaşımda nə dəyişim, nə danım
Dünyanı ağ-qara görmək üçün mən
Gərək əlifbadan başlayım, canım
 
Mən layla eşitdim çəhrayı rəngdə
Mən öyüd eşitdim çəhrayı rəngdə
Üzümdə göz yaşım möcüzə, Vallah
Görsən, inanmazsan – çəhrayı rəngdə

Şairə xanıma Vətənizim və elimiz, ədəbiyyatımızın inkişafı naminə daha böyük yaradıcılıq uğurları arzusu ilə məlumat verə bilərik ki, Sona Vəliyevanın indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq milli ideologiya və və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik və “Çəhrayı rəngli dünyam” şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

S.Vəliyevanın “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” monoqrafiyası müəllifin Azərbaycan sevgisindən doğan bir faktdır. Sona xanımın bütün əsərlərində – elmi tədqiqatlarından tutmuş poeziyası və nəsrinədək hər məqamda bu sevgi xüsusi vurğu ilə üzə çıxır. Məsələn, oxuculara  yaxşı məlumdur ki, Sona xanım ilk kitablarından olan “Çəhrayı rəngli dünyam”dan başlamış “Arazbarı”, “Dünya Tanrı biçimdədir” poeziya kitablarına və “İşığa gedən yol” fundamental  romanadək hər yerdə özünün Vətən sevgisini, vətəndaşlıq qayəsini, Qarabağ yanğısını ön plana çəkir.

Yəqin ki, bu keyfiyyət həm də Sona xanımın Azərbaycana və xalqımıza dərin sevgi və təmənnasız şəfqət duyğuları ilə yaşamış klassik maarifçilərimizə dərindən bələdliyi və onlardan gələn Vətən məhəbbəti, eləcə də özünün maarifpərvər ziyalı və söz-sənət adamı (o, “Kaspi” Təhsil Mərkəzinin təsisçisi və rəhbəridir) olması ilə bağlıdır. Təsadüfi deyildir ki, çoxşaxəli yaradıcılığa malik bir ziyalının əsərlərini təhlilə çəkən bütün müəlliflər onun yaradıcılıqdakı Vətən və millət sevgisini, el-obaya, doğma torpağa məhəbbətini mütləq dilə gətirir. Sona xanımın “Çəhrayı rəngli dünyam” kitabı barədə kövrək bir resenziyanın müəllifi Fikrət Sadıq öz yazısının bir yerində deyir: “Buradakı şeirlər əsl qadın şeirləridir – Vətənlə öz doğma övladı ilə danışırmış kimi danışan şair üçün  bu parça-parça olmuş, didilmiş, incidilmiş Vətən, bu dağlar, dərələr, çaylar, dənizlər, çiçəklər, ağaclar onun balalarıdır”. Şairənin  “Ata evim” şeirindən bəhs edən Rüstəm Behrudi bu əsəri müəllifin kənddə qoyub gəldiyi ata evinin xiffətini yaşamının ən gözəl ifadəsi kimi qiymətləndirir. Bu kontekstdə də ata evi Vətən, doğma torpaq mahiyyəti kəsb edir.
 
Tanınmış tədqiqatçı-ədəbiyyatşünas, publisist və istedadlı naşir Azər Turan özünün tələbə yoldaşı Sona xanımın kövrək poziyasına dair “Adam ağac dilində…” sərlövhəli məqaləsində (bu, “Çəhrayı rəngli dünyam” kitabına yazılmış ön sözdür)  şairənin poetik duyğularından bəhs edərək yazır: “Sonanın duyğularında ikiyə bölünmüş Azərbaycanın taleyi və aqibəti özünə möhkəm yer edib. Yazarın milliyyətçi əhvalı Dərbənddən Şuşayacan… onun yaradıcılığında təsirli yer buraxıb:
 
Qəm çiçəklik, mən dəryayam,
Bütövlüyə tamarzıyam…
 
Sona xanımın poeziyasındakı Qarabağ yanğısı elə bir yüksək mərtəbədədir ki, Qarabağ həsrətini içində daşıyan hər qarabağlı da bəzən ağrının bu mərtəbəsinə qalxa bilmir. Vətən və millət dərdinin ümumtürk kontekstində duyumu məsələsində həssaslığı ilə seçilən şairənin Qarabağ müsibətinin ifadəsi olan onlarca şeirindən dörd misranı xatırladaq:
 
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.
 
Şeirdən gələn dəqiq bir nəticə, şair intiusiyasıdır ki, bu son sətirdən sonra adam “Şuşaya bayraq asan bir qardaşa” çevrilmək arzusunun gerçəklik xoşbəxtliyini yaşadı.

Mən əziz bacıma ədəbi yaradıcılığında böyük uğurlar arzulayıram, Allahım sizi sevdiklərinizlə sınamasın və ən önəmlisi sağlıklı ömürlər versin.

Doğum günün kutlu olsun sevgili dostum.

Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri
İnterpress.az