Türkiyədə baş verən ardıcıl zəlzələ: “Bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək”backend

Türkiyədə baş verən ardıcıl zəlzələ: “Bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ özlüyündə bir sıra iddiaların yaranmasına səbəb olub. Həmin iddialardan ən diqqət çəkəni baş verən zəlzələnin süni olması, hansısa seysmoloji silahın tətbiqi sonrası baş verməsidir. Bəzi insanlar isə ardıcıl zəlzələlərin Türkiyənin seçkiyə hazırlaşdığı vaxt baş verməsinin təsadüf olmadığı və qeyd edilən seysmoloji silahın istifadəsi iddiasının doğru olduğunu qeyd edir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, Türkiyədə baş verən ardıcıl zəlzələlər tamamilə təbii, normal geoloji hadisədir:

“Türkiyə geoloji olaraq dünyanın ən seysmik bölgələrindən hesab edilir. Bunu təsdiq edən ən sadə nümunə Türkiyənin şimalından keçən “Pontus” dağ silsiləsi və cənubundan keçən “Zaqros” dağ silsiləsidir. Hər iki dağ silsiləsi “Alp-Himalay” qırışıqlığının bir parçasıdır. Türkiyənin yerləşdiyi kiçik Asiya yarımadası Avrasiya, Afrika və Ərəbistan coğrafi tavalarının kəsişdiyi bir ərazidir. Məhz buna görə də bu ərazi seysmoloji olaraq dünyanın ən aktiv bölgələrindən hesab edilir. Həmin coğrafi tavaların davamlı surətdə bir-biri ilə toqquşduğu üçün kiçik Asiya yarımadası seysmoloji cəhətdən aktiv olur və dağ silsilələri ilə əhatə olunub. Nəticə etibarilə Türkiyədə baş verən zəlzələlərə tamamilə təbii normal heç bir kənar təsir nəticəsində baş verməyən təbiət hadisədir. Baş verən təbiət hadisəsi Türkiyədə bu il keçiriləcək prezident və parlament seçkilərinə təsirsiz ötüşməyəcək. İstər müxalifət, istərsə də iqtidar hadisədən seçki kampaniyaları üçün istifadə edəcəklər. Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərərin böyüklüyü hakim partiyanın işini çətinləşdirir. Müxalifət bu fürsətdən yararlanmaq istəyəcək və iqtidara təzyiq edəcək. Lakin baş verən hadisə iqtidarın da əlini gücləndirir. Belə ki, iqtidarın təbii fəlakətin fəsadlarını sürətlə aradan qaldırması, siyasilərin hadisə yerinə səfərlər etməsi, zərərçəkənlərə yardımların edilməsi xalq nəzdində Ərdoğana olan etimadı artıra bilər”.