Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün təzyiqlərinə baxmayaraq biz hər zaman qardaş Azərbaycanın yanında olacağıq.
Bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının martın 4-də Bakıda keçirilən XI iclasında deyib.
O hesab edir ki, türk dövlətləri arasındakı əlaqələrin güclənməsi dostlarda güvən yaradacaq, düşmənin canına qorxu salacaqdır: “Türk Dövlətləri Təşkilatları başda olmaqla bir çox beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etdirməliyik. Həmçinin, qardaş Özbəkistan və Türkmənistanı da TÜRKPA üzv dövlətləri sırasında görmək istəyirik”.
O.Mesten Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.
Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər yanvarın 24-də AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. Parlament Assambleyasında mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.