Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilibbackend

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 26 noyabr 2021-ci il tarixli, 26 nömrəli Protokoluna əsasən təsdiq edilmiş Tədbirlər Planının 1-ci bəndinə müvafiq olaraq Yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi ilə bağlı geniş tərkibdə onlayn iclas təşkil olunub.

İnterpress.az xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Əli Əhmədov giriş nitqi ilə çıxış edərək Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsinin müasir dünyanın aktual problemləri içərisində əhəmiyyətli yer tutduğunu qeyd edib: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda uşaq hüquqlarının qorunmasını nəzərdə tutan geniş konsepsiya hazırlanmışdır. Bu gün də cənab Prezident İlham Əliyev həmin konsepsiyanın ardıcıl surətdə həyata keçirilməsini öz siyasətinin əsas məqsədlərindən biri hesab edir”.

Azərbaycan dövlətinin uşaqların hüquqlarının qorunması məsələsi ilə əlaqədar səlahiyyətli qurumlar içərisində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya, o cümlədən yerli komissiyaların mühüm vəzifə daşıdığını qeyd edən Ə.Əhmədov Komissiyanın ayrı-ayrı dövlət qurumlarının fəaliyyətinin əlaqəndirilməsindəki vacib rolunu qeyd edib.

Müasir dünyada ümumən insan hüquqlarının, o cümlədən onun tərkib hissəsi olan uşaq hüquqlarının qorunması ilə əlaqədar keyfiyyət dəyişikliklərinin baş verdiyini bildirən Komissiya sədri qeyd edib ki, bu gün valideynlər daha aydın şəkildə qəbul edirlər ki, uşaqlara olan qayğı onların daha sağlam böyüməsi, təhsil alması, yaxşı qidalanması, onlara qarşı hər hansı bir zorakılığın tətbiq edilməməsi, uşaq əməyinin istismar edilməməsi kimi parametrləri özündə ehtiva edir.

Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların müdafiəsinin həyata keçirilməsi, uşaq hüquqlarının təmin olunması üzrə mühüm müzakirələrin aparılması, fəaliyyət istiqamətləri ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından geniş tərkibdə keçirilən görüşün əhəmiyyətini vurğulayıb.

Sosial-iqtisadi inkişafın nəticəsi olaraq ailədaxili münasibətlərdə bir sıra müasir dəyişikliklərin və transformasiyaların yarandığını və bunun da qarşıya müəyyən çətinliklərin çıxardığını qeyd edən Komitə sədri bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı, bu sahədə yaranan problemlərin uşaqlara təsiri bu prosesi daha da intensivləşdirir və cəmiyyətin ənənəvi yanaşmalarını əks məqamları da meydana çıxarır. Nəticədə, uşaqlar nəzarətsiz qalır, onların təhlükəli informasiyalara çıxışları asanlaşır, vətənpərvər ruhda, milli-mənəvi dəyərlərinə sadiq, müasirliyə açıq bir şəxsiyyətin yetişdirilməsi məsələsi sual altında qalır.

B.Muradova qeyd edib ki, gündəlik işimizdə rastlaşdığımız uşaq baxımsızlığı nəticəsində bəzi hallarda özünəqəsd, erkən nikah hadisələri baş verir, cinsi zorakılıq, uşaq oğurluğu və digər problemlər yaranır: “Bu isə əlaqələndirilmiş bir fəaliyyət tələb edir. Azərbaycanda yeridilən siyasət də buna uyğundur. Hazırki vəziyyətdə uşaq hüquqlarını təmin və müdafiə edən 6 mərkəzi icra hakimiyyəti qurumu, 2 publik hüquqi şəxs və bütün rayon və şəhərlərin qəyyumluq və himayə orqanları bu məsələ ilə məşğuldur. Odur ki, adıçəkilən bu qurumlardan kifayət qədər həssaslıq, çeviklik və tədbirli olmaq tələb olunur.”

O, Qanunların müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqətin artırılması və keyfiyyətli nəticə ortaya qoymaq üçün uyğun maddi texniki bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb. Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na diqqət çəkən Komitə sədri bildirib ki, bu sənəd qurumlar üzərinə müəyyən öhdəliklər qoydu. Ən ciddi məsələlərdən biri kimi beynəlxalq hesabatlarda vurğulanan yerli institusional mexanizmlərin effektivliyinin artırılması məsələsini vurğulayan B. Muradova bu istiqamətdə forma və məzmun dəyişikliyinə ehtiyac olduğunu qeyd edib.

Azərbaycanda gedən inkişaf dinamikası və geniş islahatlara uyğun olaraq çevik reaksiya vermək imkanlarının əldə edilməsinin əhəmiyyət kəsb etdiyini bildirən Komitə sədri deyib ki, həm qanunvericilikdə nəzərdə tutulan öhdəliklər, həm də yerli komissiyaların əsasnamələri ətraflı şəkildə yerinə yetirilsə bir çox problemlərin qarşısı da vaxtında alına bilər. O bildirib ki, regionlarda uşaq hüquqları üzrə mütəxəssislərin azlığı, komissiyaların uşaq hüquqları ilə bağlı məsələlərə baxılmasına cavabdeh olması ilə bağlı kifayət qədər məlumata malik olmaması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar və onların ailələri ilə profilaktik işin qanunvericiliyin tələblərinə uyğun qurulmaması bir sıra çətinliklərin yaranmasına gətirib çıxarır.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya uyğun olaraq uşaq müəssisələrinin monitorinqinin həyata keçirildiyini diqqətə çatdıran B. Muradova son vaxtlar keçirilmiş monitorinqlərin nöqsanları və problemləri ortaya çıxardığını qeyd edib və əlavə edib ki, qarşıdakı dövrdə bu məsələlər əlaqəli şəkildə öz həllini tapmalıdır. Eyni zamanda komissiyaların imkanlarının artırılması istiqamətində bütövlükdə ölkə miqyasında vəziyyətin öyrənilərək təhlilin aparılması və nəticələrinə uyğun tədbirlərin planlaşdırılması, həmçinin birgə işin sistemli qurulması gələcəkdə ciddi nailiyyətlərin əldə edilməsinə səbəb ola bilər.

O, çıxışının sonunda mövcud vəziyyətdə inkişaf imkanlarını tapmaq, səyləri əlaqələndirmək, mövqeləri birləşdirmək, müsbət təcrübədən çıxış edərək yaxşı nəticələrə nail olmaq və gələcəyimizin təminatı olan uşaqların rahat, sərbəst, azad və təhlükəsiz şəraitdə yaşamısını təmin etmək əsas məqsədimiz olduğunu vurğulayıb.

Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Çətin həyat şəraitində olan uşaqların hüquqlarının müdafiəsi sahəsində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların rolu” mövzusunda təqdimatla çıxış edərək yerlərdə uşaqların müdafiəsi ilə bağlı yanaşmalardan, yerli komissiyaların ilkin müdafiə tədbirlərindən, uşaq hüquqlarının müdafiəsi sahəsindəki problemlərdən danışıb, həmçinin onların həlli istiqamətində Dövlət Komitəsinin təkliflərini səsləndirib.

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov çıxış edərək, yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası üzrə tədbirlərin icrasının mütəmadi davam etdirildiyini, həmin şəxslərin tərbiyəsi, saxlanması üzrə öz vəzifələrini yerinə yetirməyən valideynlər barəsində yerli komissiyalar, polis inspektorları və digər qurumlardan nümayəndələr cəlb edilməklə fərdi profilaktik işlər təşkil olunduğunu bildirib.

A.Kərimov qeyd edib ki, qeyri-dövlət uşaq sığınacaqlarında saxlanılan uşaqların qeydiyyatı zamanı bir çox hallarda onların sənədlərinin natamam olması onların müvafiq sosial ödənişlərin və digər dəstək tədbirlərinin edilməsinə, müxtəlif sosial təminat hüquqlarının həyata keçirilməsinə ciddi mane olur. O bildirib ki, bu kimi halların aradan qaldırılması üçün Nazirlik tərəfindən səyyar xidmətlər göstərilir.
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Oruc Zalov yetkinlik yaşına çatmayanların sağlamlığına və mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb olunması hüquqlarının və mənafelərinin pozulması hallarının cəmiyyətin və dövlətin narahatlığını doğuran aktual problemlərdən olduğunu bildirib. O, belə bir geniş müşavirənin keçirilməsini dövlət qurumları ilə komissiya üzvləri arasında işin keyfiyyətinin artırılması, yeni, effektiv fəaliyyət mexanizmlərinin qurulması baxımından yüksək qiymətləndirib.

Nazir müavini, azyaşlılarla bağlı baş vermiş hər hansı xoşagəlməz hadisənin vaxtında qarşısının alınması və onların normal həyata qaytarılması üçün komissiya üzvü olan dövlət qurumları ilə yanaşı, cəmiyyətin hər bir üzvünün bu vacib işə cəlb edilməsinin mühümlüyünü vurğulayıb.

Sonra Təhsil nazirinin müavini Firudun Qurbanov uşaq və gənclərin müasir dövrdə necə formalaşmasının ölkənin gələcək inkişafını müəyyən etdiyini qeyd edərək, Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən və olduqca aktual bir məsələyə həsr olunan iclasın bu mənada böyük əhəmiyyət daşıdığını vurğulayıb. Müvafiq Komissiyaların fəaliyyətini nəzərdən keçirərkən nazir müavini, onların gələcək işinin təkmilləşdirilməsi, sosial risk qrupuna daxil olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən hər iki Komissiya arasında daha dəqiq iş bölgüsünün aparılması, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırıması məqsədilə alternativ mərkəzlərin yaradılması ilə bağlı təkliflər səsləndirib.

Azərbaycan səhiyyə nazirinin müavini İlqar Qasımov atılmış, imtina olunmuş uşaqların sənədlərinin qaydasına salınması, Komissiyanın fəaliyyətinin genişləndirilməsi və uşaqların onlara əlçatanlığının təmin edilməsi, həmçinin Komissiyaların yanında qayğı mərkəzlərinin yaradılması məsələləri ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Bakı şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək, bildirib ki, Bakı şəhər icra hakimiyyəti rayon icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı şəkildə fəaliyyət göstərir. E.İmanov komissiyaların üzvlərinin təlimatlandırılması ilə bağlı seminarların keçirilməsi, onlar arasında məlumat mübadiləsi məqsədilə davamlı şəkildə görüşlərin təşkil edilməsi, komissiyalarla kütləvi informasiya vasitələri arasında işin daha səmərəli qurulması və digər təklifləri diqqətə çatdırıb.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva çıxış edərək, RİİB-in uşaq hüquqlarının təşviqi və təmin olunması, eləcə də əlliliyi olan şəxslərin hüquqlarının və inklüziv dəyərlərin təbliği, o cümlədən uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi, eyni zamanda erkən uşaqlıq dövründə inkişaf istiqamətində həyata keçirdiyi bir sıra layihələr barədə bəhs edib.

O, ailənin rifahına və cəmiyyətin inkişafına maneə olan mənfi halların aradan qaldırılması istiqamətində ardıcıl yanaşmanın tətbiqinin vacibliyini vurğulayaraq, bir-biri ilə qarşılıqlı əlaqəli olan bir sıra müdaxilələri, o cümlədən normativ çərçivələrin təkmilləşdirilməsi, bilik bazasının və cəmiyyətin bu məsələyə həssaslığının artırılması, eyni zamanda bütün aidiyyəti tərəflərin fəal iştirakını tələb etdiyini qeyd edib.

İclas Bakı şəhər Sabunçu rayonu, Xocalı, Qazax, Gədəbəy, Biləsuvar, rayonlarının Komissiya sədrlərinin mövzu ətrafında çıxışları və təklifləri ilə davam edib.