Öz ölümünü saxtalaşdırıb 13 il gizlənən sabiq nazir müavini ələ keçib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Həbsdən yayınmaq üçün öz ölümünü saxtalaşdıran sabiq yüksək rütbəli məmur 13 ildən sonra ələ keçib.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Mənzil-Kommunal Təsərrüfatı nazirinin keçmiş birinci müavini Marianna Stupina 2012-ci ildə korrupsiya ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə hökmündən sonra qaçmağa nail olub. O, əvvəlcə Tatarıstana sığınıb.
Daha sonra Novosibirsk vilayətində özünə bənzəyən bir qadın meyitinin tapıldığını öyrənən Stupina fürsətdən istifadə edərək öz ölümünü saxtalaşdırmaq qərarına gəlib.
Onun həyat yoldaşı həmin meyiti “tanıyaraq” rəsmi şəkildə həyat yoldaşı olduğunu təsdiqləyib və bundan sonra məmur barəsindəki cinayət işi onun ölümü ilə əlaqədar bağlanıb.
13 il boyunca gizli və sakit həyat sürən Marianna Stupina yenidən Həştərxan vilayətinə qayıdıb. Lakin 2026-cı ildə istintaq orqanları onun əslində sağ olduğunu müəyyən ediblər.
Hazırda sabiq nazir müavini saxlanılaraq cəzasını çəkmək üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilib.

Xuraman Etibarlı
İnterpress.az





