“Baku Fires” klubunun iki üzvü – Məhəmməd Qurbanov və Albert Səlimov öz çəkilərində reytinq cədvəlinə başçılıq edirlər. Heybətulla Hacəliyev isə Polşada qələbə qazandıqdan sonra 2-ci yerə yüksəlib.
56 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov 5 görüşdən sonra 25 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi irlandiyalı Maykl Konlanın 21 xalı var. Bu çəkidə 2 idmançı lisenziya alacağından boksçumuzun böyük şansı var.
Abert Səlimov da (60 kq) Rio de Janeyro Olimpiadasına vəsiqə qazanmağa çox yaxındır. 5 görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini möhkəmləndirib. Son gürüşdə polşalı boksçunu məğlub edən həmyerlimiz 5 döyüşdən sonra 25 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya və kubalı Yasiner Toledo 3-4-cü yerləri bölüşürlər. Bu çəkidə 4 idmançının da Olimpiadaya lisenziya qazanmaq şansı qalır. Qeyd edək ki, 64 kq çəki dərəcəsində 2 boksçu vəsiqənin sahibi olacaq.
69 kq çəki dərəcəsində yarışan Pərviz Bağırov 16 xalla 4-cü yeri tutur. Boksçumuz lider Rəcəb Butayevdən (Rusiya) 9 xal geri qalır. Bu çəkidə 2-ci yeri hesabında 24 xal olan mərakeşli Məhəmməd Rabii tutur.
Bu mövsüm bütün görüşlərdə qələbə qazanan Abdulqadir Abdullayev (91 kq) reytinqə 3-cü sıradadır. “Baku Fires” klubunun üzvü 5 qarşalışmadan sonra 25 xal toplayıb. Qazaxıstanlı Vasili Levit və kubalı Erislandi Savon 28 xalla 1-2-ci yerləri bölüşdürsələr də, bu boksçular millimizin üzvündən bir görüş çox keçiriblər. Bu çəkidə 1 idmançının lisenziya alacağını nəzərə alsaq, Abdullayevə çətin olacaq.
Superağır çəki dərəcəsində Arslanbek Mahmudov 19 xalla 4-cü pillədədir. Amma boksçumuz ilk 3 yeri tutan rəqiblərinin hamısından 1 görüş az keçirib. Siyahıya 25 xalı olan Filip Hrqoviç başçılıq edir. Böyük Britaniya təmsilçisi Cozef Coys 2-ci yerdədir.
Xatırladaq ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar Rio de Janeyro Olimpiadasına vəsiqə qazanacaqlar.
İnterpress.az