Sürüşmə sahələrində aktivləşmə qeydə alınıbbackend

Sürüşmə sahələrində aktivləşmə qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

S. Əmiraslanovun sözlərinə görə, mart ayında Lerik və Yardımlının bir neçə kəndində kiçik ölçülü, axma tipli sürüşmə sahələri əmələ gəlib: “Lerik rayonun Soru və Yardımlı rayonunun Dağüzü kəndlərinin ayrı-ayrı sahələrində lokal, yəni kiçik ölçülü, axma tipli sürüşmə sahələri yaranıb. Qeyd etmək istəyirəm ki, Soru kəndində ayrı-ayrı yerlərdə əvvəllər də sürüşmə sahələri mövcud olub. Fevralın axırında sürüşmə baş vermiş Masallının Xəlifələr kəndində də yeni sürüşmə sahələri əmələ gəlib. Eyni zamanda Cəlilabad rayonunun Sadatlı kəndində və həmin istiqamətdə gedən avtomobil yolunda, həmçinin Şamaxı rayonunun ərazisində mövcud sürüşmə sahələrində də aktivləşmələr müşahidə olunub. Yeni sürüşmə sahələri qeydə alınmayıb”.

S. Əmiraslanov Bakı və Abşeron yarımadasındakı klassik sürüşmə sahələrində dəyişiklik baş vermədiyini bildirib: “Bakı və Abşeron yarımadasındakı mövcud sürüşmə sahələrində vəziyyət stabildir. Əsasən sürüşmə baş vermiş və tədbirlərin həyata keçirildiyi ərazilərdə vəziyyət sakitdir. Digər ərazilərində də monitorinq keçirilib. Elə bir ciddi dəyişiklik qeydə alınmayıb”.

S. Əmiraslanov Masallı-Yardımlı avtomobil yolunda lokal sürüşmə və uçqun sahələrinin əmələ gəldiyini də qeyd edib: “Ötən aylarda olduğu kimi, mart ayında da Lənkəran-Lerik avtomobil yolunda yeni sürüşmə sahələri əmələ gəlməsə də, mövcud sahələrdə müəyyən dinamiklik qeydə alınıb. Masallı-Yardımlı avtomobil yolunda lokal sürüşmə və uçqun sahələri əmələ gəlib. Bu əvvəllər yox idi. Bundan başqa, Quba-Xınalıq, Quba-Qonaqkənd, Ağsu aşırımı, Bakı-Şamaxı və Muğanlı-İsmayıllı avtomobil yollarında nisbətən aktivləşmə qeydə alınıb”.

İnterpress.az