2004-cü ildə Şəki rayon sakini, 1984-cü il təvəllüdlü Xəyalə Məmmədrahim qızı Mövsümova qətlə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şəki rayon sakini, 1982-ci il təvəllüdlü Ramil Ələddin oğlu Salamov tərəfindən müəyyən edilib və o tutulub.
Məlumata görə, R. Salamov X. Mövsümovanı qısqanclıq zəminində öldürüb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq da həmin faktla bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən birgə məlumatda qeyd olunur ki, respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət bağlı qalmış daha bir ağır cinayətin açılması təmin edilib.
Belə ki, 20 yaşlı Şəki şəhər sakini Xəyalə Mövsümovanın 2004-cü il oktyabrın 10-da xəbərsiz itkin düşməsi faktı üzrə müxtəlif fərziyyələr ətrafında çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
2013-cü il sentyabrın 27-də Şəki şəhəri, B.Vahabzadə küçəsindəki yarımçıq tikilinin zirzəmisində insan skeleti aşkar edilib və keçirilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və digər ekspertizaların rəyləri ilə həmin skeletin Xəyalə Mövsümovaya məxsus olması müəyyən edilib
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bilavasitə rəhbərliyi və nəzarəti altında Şəki şəhər-rayon Polis Şöbəsi və rayon prokurorluğu əməkdaşlarının həyata keçirdikləri səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində X.Mövsümovanı qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan əvvəllər dəfələrlə məhkum olunmuş, 1982-ci il təvəllüdlü Ramil Salamov 2015-ci il aprelin 4-də şübhəli şəxs qismində tutulub.
Aparılmış istintaqla müəyyən edilib ki, R.Salamov 2004-cü il oktyabrın 10-da tanışı X.Mövsümovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qəsdən öldürmək məqsədilə adı çəkilən yarımçıq tikiliyə gətirib və boğaraq qəsdən öldürüb. R. Salamov cinayətin izlərini itirmək məqsədilə bir gün sonra yenidən həmin yerə gələrək meyiti basdırmaqla gizlədib və əynindəki paltarları da çıxararaq zibillikdə yandırıb.
R.Salamov 2015-ci il aprelin 5-də Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. ( apa )
İnterpress.az