Bu ilk dəfədir ki, Yunanıstan 1940-ci illərdə nasistlərin törətdiyi qırğınlar və talanlar üçün Almaniyanın iddia olunan borcunu hesablayıb.
Lakin Almaniya bildirir ki, bu məsələ hüquqi baxımdan çox illər bundan əvvəl həllini tapıb.
Yunanıstanın radikal solçu Syriza hökuməti bu iddiaları irəli sürdüyü bir vaxtda, həm də verilmiş möhlətədək kreditlər üzrə ödənişlərini həyata keçirmək üçün çarpışır.
Yunanıstanın baş naziri Alexis Tsipras müharibə reparasiyası məsələsini ötən ay Berlində Almaniya kansleri Angela Merkellə görüşü zamanı qaldırıb.
Yunanıstan maliyyə nazirinin müavini Dimitris Mardasın hesabladığı yeni rəqəmə – 10, 3 milyard avro da əlavə edilib. Bu, nasistlərin müharibə vaxtı Yunanıstan Bankını almağa məcbur etdikləri kredit pullarıdır.
Yunanıstan nasist Almaniyası tərəfindən 1941-ci ildə işğal edilimişdi
Berlin artıq 1960-cı ildə yunanların tələb etdikləri pulun kiçik bir qismini – 115 milyon markanı ödəyib. İndi isə Yunanıstan iddia edir ki, o ödənişə dağıdılmış infrastruktur, hərbi cinayətlər və məcburi kredit üzrə ödənişlər daxil edilməyib.
Almaniya israr edir ki, reparasiya məsələləri 1990-cı ildə iki Almaniya birləşərkən hüquqi və siyasi mənada həll olunub.
Syriza siyasətçiləri hazırda malik olduqları kreditlərin onlara ağır şərtlər altında verilməsinə görə Almaniyanı günahlandırırlar.
İndi cənab Tsipras Yunanıstanı müflislikdən xilas etmək üçün verilmiş 240 milyard avroluq kreditin şərtlərini yenidən müzakirəyə çıxarmağa çalışır. Yunanıstan kredit ödənişlərini ötən ilin avqustundan ala bilmir, çünki Afinanın islahatları həyata keçirmə sürətindən narazı kreditorlar pulun verilməsini dayandırıblar.
Yunanıstan bu cümə axşamınadək Beynəlxalq Valyuta Fonduna 448 milyon avro ödəniş etməlidir.
Yunanıstanın maliyyə naziri Yanis Varoufakis əmin etməyə çalışıb ki, Afina kreditorlara olan maliyyə öhdəliklərini sona qədər yerinə yetirəcək.
İnterpress.az