Səfər Qaraqoyunlu MHP-nin İğdır bölgəsi üzrə siyahısında ikinci yerdədir. Onun namizədliyi deputatlıq iddiası olan 11 nəfər partiya üzvü arasından seçilib. MHP-nin namizədlər siyahısı aprel ayının 7-də Yüksək Seçim Kuruluna təqdim olunub.
Əslən azərbaycanlı olan Səfər Qaraqoyunlu 1963-cü ildə Türkiyənin İğdır bölgəsinin Qaraqoyunlu ilçəsində doğulub, Anadolu Universitetinin ictimaiyyətlə əlaqələr bölümünü bitirib.
Hazırda İstanbulda yaşayan diaspor fəalı 2010-cu ildə İstanbul Türkiyə Azərbaycan Dərnəyini (“İS-TAD”) təsis edərək Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətə başlayıb. Bu illər ərzində Səfər Qaraqoyunlunun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və onun nəticələrinin Türkiyə ictimaiyyətinə çatdırılması, həmçinin Azərbaycan mədəniyyəti, incəsənətinə həsr olunmuş onlarla müxtəlif səpkili tədbirlər həyata keçirib.
Türkiyə Böyük Millət Məclisinə seçkilər 2015-ci il iyun ayının 7-də keçiriləcək.
İnterpress.az