İnterpress.az xəbər verir ki, ABŞ-da yaşayan erməni əsilli TV ulduzu Kim Kardaşyan 21 aylıq qızı North, həyat yoldaşı Kanye Vest və ailənin digər üzvləriylə birlikdə erməni “soyqırımı”nın 100-cü ildönümü üçün Ermənistana gedib. Kardaşyan səfər zamanı ölkədəki uzaq qohumlarıyla da bir araya gələcək. Dünən güclü təhlükəsizlik tədbirləriylə İrəvan hava limanında görüntülənən ulduzun 8 günlük ziyarəti zamanı “soyqırım”la əlaqədar sənədli film çəkəcəyi də bildirilir.
Bu arada Ermənistanda bəzi fəallar erməni əsilli amerikalı ulduz Kim Kardaşyanın baş nazir Ovik Abramyan tərəfindən dövlət səviyyəsində qəbul edilməsinə etiraz ediblər.
“Ermənistan Sosial Hərəkatı” və “Milli Dəyərlərin Qorunması Cəbhəsi” sabah hökumət binasının qarşısında aksiya keçirməyi planlaşdırır. Buna səbəb Ermənistan baş nazirinin Kim Kardaşyanı qəbul edəcəyi ilə bağlı yayılan xəbərlərdir. Aksiya tışkilatçıları belə hesab edir ki, Kardaşyanın dövlət səviyyəsində qəbul edilməsi ölkənin dəyərlər sistemini təhlükə altına alması deməkdir:“Bütün həyatı boyu Kim Kardaşyan erməni qadını obrazını, erməni dəyərlərini tapdalayıb, ənənəvi erməni qadını obrazını ləkələyib. Bu gün biz onu milli dəyərlər çərçivəsində, duz-çörəklə qarşılayırıq. Daha sonra onu dövlət səviyyəsində Ermənistanın baş naziri qəbul edir. Biz Ermənistan adının bütün dünyaya tanıdılması istiqamətində əlimizdən gələni etməliyik. Ancaq hər şeyin həddi var. Gəlin, bizim dəyərlər sistemimizi unutmayaq və Ermənistanda pornoulduzu reklam etməklə bu dəyərləri təhlükə altına atmayaq”.
İnterpress.az