Bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində məlumat verilib.
Monitorinq nəticələrinə görə, dövlət dəstəyi ilə çəkilən seriallar əsasən məişət mövzularına, sevgi-məhəbbət, ailə dramlarına, kriminal hadisələrə həsr olunur: “Halbuki, milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımılarının, dövlətin apardığı uğurlu daxili-xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir. Həmin seriallarda gizli reklamın bolluğu və bunun “tanıdıcı reklam” adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur”.
Milli efir məkanının təhlili zamanı Azərbaycan istehsalı olan bədii filmlərin kəmiyyət etibarilə azlıq təşkil etməsi də vurğulanıb: “Məsələn, ANS-də bu ilin 16-22 fevral tarixlərində 53 saat xarici film müqabilində cəmi 4,5 saat milli bədii film yayımlanıb. Space-də həmin həftə ərzində 17 saat xarici, 1,5 saat milli, İctimai TV-də 35,5 saat xarici, 3, 7 saat isə milli film nümayiş olunub. Həmin müddətdə Lider, Xəzər, Region və ATV-də isə ümumiyyətlə, milli bədii filmlərə rast gəlinməyib. Xarici bədii filmlər isə qeyd olunan həftə ərzində həmin kanallar üzrə müvafiq olaraq 20, 41, 24 və 37 saat həcmində olub.
Məlum olduğu kimi, hər il dövlət tərəfindən yeni filmlərin çəkilməsi üçün xeyli maliyyə vəsaiti ayrılır. Araşdırmalar da göstərir ki, nəinki yeni çəkilən filmlərin, hətta sovet dövründə çəkilmiş olan filmlərin də, nümayiş etdirilməsində telekanallar tərəfindən ciddi problemlər var. Belə ki, milli filmlərin nümayişi üçün Kino Gildiyası telekanallardan, əsassız olaraq kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Bu halda telekanallar da az sayda milli kino nümunələrinin nümayişi ilə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar”.
İnterpress.az