Dövlət başçısı Serbiya baş naziri ilə Münhendəki görüşünü və tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı apardıqları səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
Prezident İ. Əliyev A. Vuçiçin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini ifadə edib.
A. Vuçiç isə ölkəsinin Azərbaycanla əlaqələri siyasi sahədəki kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu deyib.
Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunun vurğulandığı görüşdə bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirilib. Ölkələrimiz arasında mövcud olan möhkəm siyasi əlaqələrin və qarşılıqlı anlaşmanın ikitərəfli əlaqələrin genişləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunularaq münaqişələrin beynəlxalq hüquq normalarına uyğun şəkildə və ərazi bütövlüyü çərçivəsində həll olunmasında ölkələrimizin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb.
İnterpress.az