Bunu Modern.az saytına açıqlamasında Orxan Zeynalovun hüquqlarını müdafiə etmiş vəkil Abbasmirzə Abdullayev bildirib.
Vəkilin sözlərinə görə, onun artıq Orxanla əlaqəsi yoxdur:
“Orxan barədə yeni informasiyam yoxdur. Proses yekunlaşdığından mən artıq onun vəkili deyiləm. Sonuncu dəfə onunla söhbət əsnasında qərardan apelyasiya şikayəti edib-etməyəcəyini soruşdum. O isə cavabında artıq müraciət etmək istəmədiyini bildirdi. Buna görə də biz onunla yenidən müqavilə bağlamadıq”.
Abbasmirzə Abdullayev azərbaycanlı məhbusun öz ölkəsinə qaytarılması istəyini vurğulayıb:
“Əvvəlki görüşlərdən bilirəm ki, Orxan Zeynalov Azərbaycana köçürülmək istəyirdi. Lakin bu məsələni rəsmi orqan olaraq Azərbaycanın Rusiyadakı səfirliyi həll edə bilər. Orxanın 3 milyon rubl borcu olduğu üçün məsələ olduğu yerdədir. Və borc ödənilməyəcəyi təqdirdə onun öz ölkəsində də cəza çəkməsi mümkün olmayacaq. Rəsmi orqan, yaxud rəsmi bir şəxs ona borcunun ödənilməsi üçün zamin durmalıdır”.
Məsələylə bağlı məhbsun atası Zahid Zeynalov saytımıza bildirib ki, hələ ki prosesin gedişatını gözləyir:
“Rəsmilər hələ o vaxt məni əmin etdilər ki, Orxanın işi ilə bilavasitə maraqlanacaq və onun Azərbaycana köçürülməsi üçün əllərindən gələni edəcəklər. Amma baxıram ki, heç addım atan da yoxdur. Hələ ki yaya qədər gözləyirəm. Vaxt gələndə mən də öz sözümü deyəcəm”.
Məhbus atası oğlu ilə telefonda danışmaq imkanı olmasa da, ona baş çəkdiyini deyib:
“Telefonda danışmağa icazə vermirlər. Amma mart ayında ona baş çəkmişəm. Ordakı qohumlarımız da tez-tez Orxanla görüşür. Vəziyyəti barədə onu deyə bilərəm ki, bir insan həbsxanada necə olarsa? elədir. Ümumilikdə heç bir şikayəti yoxdur, normaldır”.
“Mən rəsmilərə inanıb gözləyirdim, amma yayda bununla bağlı konkret addım atacam. Hamı bilir ki, oğlumun həbsi siyasi bir oyundur”,- deyə Zahid Zeynalov qeyd edib.
Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.
İnterpress.az