Azərbaycan prezidenti Bakı Su İdmanı Sarayının açılışını edibbackend

Azərbaycan prezidenti Bakı Su İdmanı Sarayının açılışını edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı Su İdmanı Sarayının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident və xanımı Su İdmanı Sarayında yaradılan şəraitlə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlər barədə məlumat verib.

Altı hektar ərazisi olan bu nəhəng idman qurğusu yüksək keyfiyyətlə inşa edilib və artıq istifadəyə hazırdır. Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Sonra prezidentə Bakı Su İdmanı Sarayının interyerində həyata keçirilən işlərlə bağlı məlumat verilib.

Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunub.

Su İdmanı Sarayında üç hovuz yaradılıb.

Dövlət başçısı yarışların keçiriləcəyi əsas hovuza baxıb. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.

Əsas zaldakı hündürlükdən suya tullanma hovuzunun uzunluğu 25 metrdir. Burada hündürlüyü 1, 3, 5, 7,5 və 10 metr olan beş pilləli suya tullanma platforması inşa edilib. Hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi tərəfdaşı olan İtaliyanın “Myrtha Pools” şirkəti tərəfindən yaradılıb.

Su İdmanı Sarayında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək. Bundan əlavə, sarayda əlil tamaşaçılar, VVIP, VIP və media bölmələri inşa olunub.

Diqqətə çatdırılıb ki, binanın dam örtüyünün bir hissəsində “SKY LİGHT” xüsusi panoram şüşə panellərindən istifadə edilib. Bu şüşə panelləri, eyni zamanda, günəş enerjisini elektrik enerjisinə çevirmək funksiyasına malikdir. Buradan əldə edilən elektrik enerjisi sarayın bəzi sahələrinin enerji təminatına yönəldiləcək.

Sonra prezident və xanımı Su İdmanı Sarayının 150 yerlik restoranında yaradılan şəraitlə tanış olublar.

Su İdmanı Sarayının binasında Avropa Olimpiya Komitəsinin və Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun olaraq funksional və köməkçi sahələr yaradılıb. Binada üzgüçülər üçün xüsusi məşq platformaları və avadanlığı quraşdırılan fitnes – akrobatika, ağır atletika zalları mövcuddur. Su İdmanı Sarayının ikinci zalında məşqlər üçün üzgüçülük hovuzu inşa olunub. Hovuzun uzunluğu 51, eni 20 metrdir.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycandan start götürəcək Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının 41-ci sessiyasında qəbul olunub.

Bu il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq.

İnterpress.az