Bayraqdar kimi tanınan Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Binəqədi Rayon Məhkəməsində bu iddia ilə Xədicə İsmayıl təqsirli bilinərək 2500 manat cərimələnməsinə dair qərar çıxarıb. Qərardan apelyasiya şikayəti verilib.
Vəkil Fariz Namazlı Modern.az saytına bildirib ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl da iştirak edib: “Bu prosesə nə Elman Türkoğlu, nə də onun nümayəndəsi iştirak edirdi. Xədicə İsmayılın cərimələnməsi Elman Türkoğlunun şikayəti əsasında baş verib. Xədicə İsmayılla məsləhətləşib belə qərara gəldik ki, onun məhkəmədə iştirakı mütləqdir. Çünki biz apelyasiya baxışında müəyyən vəsatətlər təqdim edəcəyik. Həmin vəsatətlərə Elman Türkoğlu münasibət bildirməlidir. Buna görə məhkəmədən xahiş etdik ki, proses təxirə salınsın və Elman Türkoğlunun məhkəməyə gəlməsi ilə davam etsin. Məhkəmə növbəti prosesi aprelin 28-nə təxirə saldı”.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.
Bakı İstintaq Təcridxanasında saxlanan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Ötən il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Xədicə İsmayıl fevralın 17-də “Facebook”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Facebook”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.
Sonradan jurnalistə qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui istifadə maddələri ilə yeni ittihamlar irəli sürülüb. “Amnesty İnternational” hüquq müdafiə təşkilatı Xədicə İsmayılı vicdan məhbusu elan edib.
İnterpress.az