Ermənistan Azərbaycan tərəfinin məruzəsi ilə bağlı qərarı imzalayıbbackend

Ermənistan Azərbaycan tərəfinin məruzəsi ilə bağlı qərarı imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az DMX-nin saytına istinadən verdiyi xəbərə görə, 14 aprel 2015-ci il tarixdə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin və Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “XXI əsrin müasir tendensiyaları: miqrasiya sahəsində əməkdaşlıq” mövzusunda MDB iştirakçı dövlətlərin miqrasiya orqanları rəhbərlərinin, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələrinin və müstəqil ekspertlərin iştirak etdiyi dəyirmi masada Azərbaycan Respublikası nümayəndə heyəti rəhbərinin “Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıq” adlı məruzəsi dinlənilib.

Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası çərçivəsində bir çox qərarlar qəbul edilib.

İclasın gündəliyinə Azərbaycan tərəfinin təklifi ilə salınmış “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının təcrübəsi haqqında” məruzədə nümayəndə heyətinin rəhbəri Ermənistanın ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağın, həmçinin ona bitişik olan 7 rayonun ərazisinin işğal olunması və 700 min nəfərədək, o cümlədən Ermənistan Respublikası ilə həmsərhəd rayonlardan həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş vətəndaşların öz doğma yurdunda məcburi köçkünə çevrilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öldürülmüş, yaralanmış, əlil olmuş azərbaycanlıların sayı, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qəbul edilmiş 4 qətnamənin tələblərinin Ermənistan tərəfindən bu günədək yerinə yetirilməməsi, eyni zamanda məcburi köçkünlərin, eləcə də qaçqın statusu almış şəxslərin problemlərinin həlli üzrə görülmüş işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Məruzədə əksini tapmış faktlara Şura üzvləri tərəfindən hər hansı bir etiraz edilməyib, əksinə, Ermənistan Respublikasının nümayəndəsi adıçəkilən məruzə ilə bağlı qəbul edilmiş qərarı imzalayıb.

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti – 18-ci iclasının 2015-ci ilin payızında Rusiya Federasiyasının Sankt Peterburq şəhərində keçirilməsi qərara alınıb.

İclas zamanı Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin nümayəndələri ilə keçirilmiş ikitərəfli görüş zamanı “Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi ilə bağlı müzakirə aparılıb, işlərin sürətləndirilməsi və layihənin cari ilin sonuna qədər imzalanması barədə razılığa gəlinib.

Həmçinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Rusiya Federasiyasına girişlərinə əsassız olaraq məhdudiyyətlər qoyulması ehtimal edilən Azərbaycan Respublikası vətəndaşlarının adlı siyahısı qarşı tərəfə təqdim edilib və müraciətlərlə bağlı qəbul olunacaq yekun qərarların nəticəsi barədə məlumat verilməsi razılaşdırılıb.

İnterpress.az