Müşavirəni giriş sözü ilə açan idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov bildirib ki, yola salınan ilk 3 ay da respublika üçün əlamətdar olub, prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib. Bütün bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili işlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib. Nazir Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan BŞBPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran idarə rəisi hesabat dövrü ərzində şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.
Daha sonra 2015-ci ilin I rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə müşavirə iştirakçılarına təqdim edilib.
Qeyd olunub ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmini, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin olunub.
Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2015-ci ilin I rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib.
Baş İdarənin rəisi dövlət rəhbərliyinin I Avropa Oyunları ilə əlaqədar əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb. M. Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.
İnterpress.az