Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı ilə görüşübbackend

Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin tibb komandanı ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş iştirakçıları əvvəlcə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində tədris, təlim, praktiki məşğələlər üçün yaradılan Simulyasiya Mərkəzi, tədris laboratoriyası, kompüter sinfi, kitabxana, həmçinin yataqxana kompleksi ilə tanış olublar.

Sonra brifinq salonunda şəxsi heyətlə görüş keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrin hər bir sahəsinin olduğu kimi, hərbi tibb sahəsinin də sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir son vaxtlar cəbhədəki gərgin vəziyyətə, düşmənin təxribat törətmək cəhdlərinə diqqət yetirərək hərbi tibb mütəxəssislərinin dərin biliklərə, geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.

Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev isə bildirib ki, hərbi tibb təhsilinin bütün formalarının mərkəzləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2000-ci ildə Tibb Universiteti nəzdində Hərbi tibb fakültəsinin yaradılması qərara alınıb. Hazırda fakültədə təhsil alan kursantlar Silahlı Qüvvələrin şəxsi heyətinin tibbi təminatının müasir tələblərinə cavab verən peşəkar hərbi tibbi kadrlarının əsasını təşkil edirlər.

Ölkəsinin hərbi tibb tarixi haqqında məlumat verən korpus generalı Ömər Paç Azərbaycana səfərindən şərəf duyduğunu, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi hərbi tibb istiqamətində də əməkdaşlığın yüksək səviyyədə qurulduğunu və daim genişləndiyini vurğulayıb.

Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bu günün Hərbi tibb fakültəsinin tarixində əlamətdar gün olduğunu və yeni binada kursantlar üçün bütün şəraitin yaradıldığını bildirib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun və korpus generalı Ömər Paçın rəhbərlik etdiyi nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

İnterpress.az