Qala bələdiyyəsi məhkəmə qarşısındabackend

Qala bələdiyyəsi məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mübahisə predmeti olan torpağın sahibi olduğunu bildirən Variz Cəlilov İnterpress.az-a torpaq sahəsinin 2005-ci il noyabrında bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən aldıqlarını deyib. Fərdi ev tikmək məqsədilə alınan torpaq sahəsinin alqı-satqı müqaviləsi bələdiyyənin o zamankı sədri İbrahim Əkbərovla imzalanıb.

Ötən müddət ərzində ərazi üçün nəzərdə tutulan torpaq vergisi vaxtlı-vaxtında büdcəyə ödənilib.

Bu müddətdə Türkiyədə yaşayan Cəlilovlar ailəsi Bakıya qayıtdıqları zaman “sürprizlə” qarşılaşıb. Məlum olub ki, torpaq sahəsində başqaları tərəfindən tikinti aparılması üçün hazırlıq işləri görülür: “Öyrəndik ki, bizim aldığımız torpaq sahəsi əvvəllər polis orqanlarında çalışmış şəxs tərəfindən başqa adama satılıb. Keçmiş polis əməkdaşı əvvəlcə həmin ərazinin bələdiyyə sədrindən hədiyyə kimi ona verildiyini deyib. Həmin torpağı biz 2005-ci ildə qanuna uyğun olaraq almışdıq və bütün sənədlər qaydasındadır. Buna görə də qarşı tərəf bizə heç bir məntiqli açıqlama verə bilməyib və daha sonra deyilən sözlərdən imtina edib. Daha sonra öyrəndik ki, iddiaçı Əliyev Zabil 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edərək Qala bələdiyyəsinin 2 noyabr 2005-ci il tarixli 395 saylı “Vətəndaşlara ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamının ləğv edilməsi barədə iddia qaldırıb.
İddaçı bildirir ki, güya həmin torpaq sahəsi 18 oktyabr 1991-ci ildə Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamına əsasən verilib. Həmin torpaq sahəsi də güya Zeytun savxozunun ərazisində olan və bir neçə ailəyə paylanılan əraziyə daxildir. Halbuki vətəndaşlara həmin vaxt paylanılan ərazi ilə bizim torpaq sahəmiz arasında çox böyük məsafə var. Keçmiş savxozun ərazisindən verilən torpaqlarda uzun müddətdir ki, evlər tikilib, yaşayış var. Bizim torpaq sahəmiz isə həmin ərazidən çox uzaqdadır. Bizim burada olmamağımızdan istifadə edərək torpaq sahəmiz başqa şəxsə satılıb. Bələdiyyə isə torpağın əsl sahibinin biz olduğumuzu bildirir, çünki ortada müvafiq sənədlər var. Buna görə də qarşı tərəf məhkəməyə müraciət edərək torpaq sahəsi ilə bağlı Qala bələdiyyəsinin verdiyi sərəncamın ləğvini tələb edir. Torpağımızı əlimizdən almaq istəyirlər”.

Qeyd edək ki, məhkəmə prosesi mayın 1-də keçiriləcək.

Elnarə KƏRİMOVA
İnterpress.az