Təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib ki, təhsilin gücü müəllimlərin gücü və keyfiyyəti ilə bağlıdır: “Müəllim hazırlığı işinin təkmilləşdirilməsi, müəllimin karyera inkişafı və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, əməkhaqqının artırılması ilə bağlı son 1 ildə Təhsil Nazirliyi tərəfindən addımlar atılıb. Ötən il Bakıda çalışan 32 min müəllimin biliyi diaqnostik qiymətləndirmədən keçirilib, prezidentin sərəncamı ilə həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Bu qərarla müəllimlərin əmək haqqı orta aylıq əmək haqqına yaxınlaşıb. Bu tədbirin ölkənin bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı hökumətə müvafiq təkliflər təqdim edilib”.
Nazir əlavə edib ki, mərkəzləşmiş qaydada keçirilən müsabiqə nəticəsində ötən il 1692 nəfər müəllim işə qəbul edilib ki, onların da 1405 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Onun sözlərinə görə, vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40% yüksəlib.
İnterpress.az