““Nikoil Bank” əməkdaşı mənə 80 min ziyan vurub” – Şikayətbackend

““Nikoil Bank” əməkdaşı mənə 80 min ziyan vurub” – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Füzuli İbrahimov “Nikoil Bank” əməkdaşının onu aldadaraq külli miqdarda pulunu mənimsəməkdə ittiham edib.

Şikayətçi bildirib ki, hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayıram: “Bildirmək istəyirəm ki, 2011-ci ildə Məhərrəmov İsmayıl Məhərrəm oğlu ilə bank işçisi kimi tanış olmuşam. O mənə bildirib ki, ehtiyac yaranarsa mənə bankdan kredit verə bilər. Bundan sonra mənə pul lazım olduğu üçün birinci dəfə 12 iyul 2011-ci il tarixdə Məhərrəmov İsmayıl Məhərrəm oğlundan onun işlədiyi “Nikoil Bank”dan 9750 manat kredit götürdüm. Həmin vaxt Məhərrəmov İsmayıl Məhərrəm oğlu mənə bildirdi ki, Gürcüstan vətəndaşı olduğumdan krediti borc müqaviləsi kimi rəsmiləşdirmək lazımdır. Həmçinin təminat kimi yoldaşıma məxsus olan 0,022 ha torpaq sahəsi ilə bağlı formal alqı-satqı müqaviləsi bağlanmalı, kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra müqaviləyə xitam verilməlidir. Həmin vaxt Məhərrəmov İsmayıl Məhərrəm oğlu müqavilə ilə bağlı bizə ödəniş cədvəli təqdim etdi. Ödəniş cədvəlində tərəflərdən birinin bank, digərinin isə borcalan olması qeyd edildi.
Razılaşmaya əsasən aylıq ödənişlər Məhərrəmov İsmayıl Məhərrəm oğlunun həyat yoldaşı, Umbatova Elnarə Eldar qızına “Nikoilbank”da açılmış fərdi hesaba ödənilməli idi. Həmin müqavilənin təminatı kimi həyat yoldaşım İbrahimova Reyhan Mehti qızına məxsus olan 0,022 ha torpaq sahəsi alqı satqı müqaviləsi ilə Umbatova Elnarə Eldar qızına formal olaraq satıldı.

Bundan sonra 20 sentyabr 2011-ci ildə İbrahimova Reyhan Mehti qızının adına daha 8.800 manat pul götürülüb, həmin müqavilə də yuxarıda göstərilən müqavilə ilə analoji qaydada rəsmiləşdirilib. 2 müqavilədə göstərilən məbləğdən bir hissəsi, daha doğrusu hər müqavilə üzrə 1200 manat “şapka”, “komission” xərci adı altında Məhərrəmov İsmayıl Məhərrəm oğlu tərəfindən mənimsənilib.

2012-ci ilin aprel ayında mənə əvvəlki müqavilələr üzrə qalan məbləğləri ödəmək, həm də evin tikintisini yekunlaşdırmaq üçün yenidən pul lazım olduğundan Məhərrəmov İsmayıl Məhərrəm oğluna kredit üçün müraciət etdim. O, razılaşmaya əsasən 40 000 manat pulu kredit kimi mənə verdi, mən isə bir il ərzində həmin məbləği 26 % ilə ödəməyi qəbul etdim. Həmin müqavilənin təminatı kimi bacıma məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2, mənzil 29 ünvanında yerləşən, ümumi sahəsi 75,6 kv.m olan 3 otaqlı mənzillə bağlı formal alqı-satqı müqaviləsi hazırlandı. Aramızda olan razılaşmaya əsasən kredit tam ödənildikdən sonra alqı-satqı müqaviləsi ləğv edilməli idi. Buna görə də 17 aprel 2012-ci il tarixdə 4 saylı notariat kontorunda İbrahimova Svetlana Məhəmməd qızı ilə Məhərrəmov İsmayıl Məhərrəm oğlu arasında AN – I № 0277269 saylı”alqı-satqı” müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən mənə 40000 manat verilməli olduğu halda məbləğdən 6000 manatı yenə “şapka”, “komissiyon” xərci adı altında Məhərrəmov İsmayıl Məhərrəm oğlu tərəfindən mənimsənildi. Mənə 40000 manat əvəzinə 34000 manat ödənildi. Həmin 34000 manatın 10000 manatını əvvəlki kredit müqavilələrindən qalmış məbləğlərin əvəzinə Məhərrəmov İsmayıl Məhərrəm oğluna ödədim, özümə cəmi 24000 manat götürdüm. Müqavilədən sonra mənə yenə ödəniş cədvəli verildi”.

Şikayətçi qeyd edib ki, əvvəlki iki müqavilə zamanı heç bir problem yaranmadığından, krediti ödədikdən sonra həyat yoldaşım İbrahimova Mehti qızına məxsus olan torpağla bağlı alqı-satqı müqaviləsini problemsiz həll etdiyindən bu dəfə də Məhərrəmov İsmayıl Məhərrəm oğluna inanıb: “Aramızda olan razılaşmaya əsasən, ödəniş Məhərrəmov İsmayıl Məhərrəm oğlunun atası Məhərrəmov Məhərrəm Yasin oğluna “Nikoilbank”da açılmış fərdi hesaba ödənilməli idi. Aramızda olan razılaşmaya əsasən 40000 manat kreditin əvəzində 46 653 manat ödəməli, bundan sonra kredit müqaviləsi ləğv edilməli idi.

Tərəfimdən iki il ərzində Məhərrəmov İsmayıl Məhərrəm oğlunun atası Məhərrəmov Məhərrəm Yasin oğluna “Nikoilbank”da açılmış fərdi hesaba kredit üzrə nəzərdə tutulmuş məbləğdən artıq, yəni 52900 manat ödənilməsinə baxmayaraq Məhərrəmov İsmayıl Məhərrəm oğlu öz öhdəliyini icra etməyib, evi satacağı ilə hədələyərək məndən əlavə pullar almağa davam edib. Bizə məlum olub ki, Məhərrəmov İsmayıl Məhərrəm oğlu evi öz adına keçirib. Bundan sonra təhdidlə məndən əlavə olaraq müxtəlif vaxtlarda şəxsən özü və ya onun dostu kimi tanıdığım şəxs vasitəsilə müxtəlif vaxtlarda 2 000, 3 000, 2 000, 1 300, 1800, 500 və 3520 manat alıb. Həmçinin Nizami rayon Məhkəməsinə müraciət edərək bacım İbrahimova Svetlana Məhəmməd qızının və onun ailə üzvlərinin mənzildən çıxarılması barədə iddia qaldırıb, bu barədə qətnamə çıxarılıb. Həmin qətnamə çıxarılan zaman bacımgil Bakıda olmayıb, məhkəmə qətnaməsi onların iştirakı olmadan çıxarılıb. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mən bacımın və onun ailə üzvlərinin yanında biabır olmamaq üçün Məhərrəmov İsmayıl Məhərrəm oğlunun bütün dedikləri ilə razılaşmaq məcburiyyətində qaldım. Bundan sonra notariusa getməyi tələb etdikdə Məhərrəmov İsmayıl Məhərrəm oğlu mənə evin sənədlərini girov qoyaraq dostundan 30000 manat aldığını bildirdi. Biz həmin adamla görüşəndə o, çıxarışın onda olduğunu, İsmayıldan faiz kim əlavə olaraq 3500 manat almalı olacağını bildirdi. Həmin girova görə Məhərrəmov İsmayıl Məhərrəm oğlu məndən 33000 manat alıb. Bu barədə 25.09.2014-cü il tarixdə qəbz yazılıb və imzalanıb. Bundan sonra o, çıxarışı mənə versə də məhkəmədə hakimə, vəkilə verdiyini əsas gətirərək, həmçinin digər xərclər adı altında məndən 11000 manat alıb. O, həmin məbləğin qətnamə çıxarmaq üçün vəkilə verdiyi, həmçinin dövlət rüsumu və digər xərclər olduğunu bildirib. Bundan sonra notariusa gedərək 11 oktyabr 2014-cü il tarixində alqı-satqı müqaviləsi bağlayaraq mənzili bacıma qaytarıb. Mənə 19 aprel 2012-ci ildə cəmi 34000 manat kredit vermiş Məhərrəmov İsmayıl Məhərrəm oğlu bunun əvəzində məndən 11 oktyabr 2014-cü ilə qədər müxtəlif zamanlarda 111 000 manat alaraq külli miqdarda zərər vurub. 2011-ci ildə bağlanmış müqavilələri də nəzərə alsaq Məhərrəmov İsmayıl Məhərrəm oğlu mənə cəmi 50 150 manat ödədiyi halda bunun əvəzində məndən 131 251 manat alıb. Bununla da mənə 80 000 manatdan artıq zərər vurub.
Bütün müqavilələr zamanı mən Məhərrəmov İsmayıl Məhərrəm oğlunun “Nikoyl Bank” SM-nin 3 saylı filialının müdiri vəzifəsində işlədiyini bilmişəm. Lakin bu hadisələrdən sonra “Nikoyl Bank”dan maraqlandıqda mənə bildirilib ki, o, 13 mart 2009-cu ildən 19 dekabr 2011-ci ilə kimi “Nikoyl Bank” SM-nin 3 saylı filialının müdiri olub”.

Bank işçisinin ondan hədə-qorxu ilə tələb etdiyi pulları qaytarmaq üçün külli miqdarda borc götürdüyünü, əsəb və stress nəticəsində şəkər xəstəliyinə tutulduğunu deyən müraciət müəllifi hazırda da həmin borcları qaytarmağa davam etdiyini vurğulayıb.

İnterpress.az