Aprelin 24-də törədilmiş bu qətlin inanılmaz səbəbləri var.
Yada salaq ki, M.Hüseynovun cəsədi onun elə öz avtomobilinin baqajında, maşın isə kənd qəbiristanlığının yanında tapılmışdı.
M.Hüseynovun qətlində şübhəli bilinən şəxslər bir neçə gün öncə saxlanıb. Onlardan biri M.Hüseynovun öz doğma qardaşı, 1980-ci il təvəllüdlü Asif Hüseynovdur. Mərhumun kiçik qardaşı Müşfiqi dədə-babadan qalma qoşalülə ov tüfəngi ilə güllələyib öldürdüyünü etiraf edib.
Lakin maraqlısı budur ki, o, bu cinayəti tək törətməyib. Asif Hüseynova bu işdə Müşfiqin arvadı Ruziyyə Hüseynova da kömək edib. Asif böyük qardaşını güllələyəndə Ruziyyə də orada olub, üstəlik meyiti maşının baqajına qoymaqda kömək edib.
Meyiti maşının baqajına qoyandan sonra Asif avtomobili sürərək Ruziyyəni mərhumun öz evinə aparıb. Oradan isə kənd qəbiristanlığının yanına gedərək maşını orada saxlayıb və hadisə yerini tərk edib.
O da məlum olub ki, Asiflə Ruziyyə hələ məktəb illərindən bir-birini sevirmiş. Lakin qızı böyük qardaş Müşfiq qaçırıb və onunla evlənib. Onlar 16 il imiş ər-arvad imiş, Asif isə o vaxtdan evlənmirmiş. Amma sevgililər Müşfiqdən gizlin görüşürmüş.
M.Hüseynov bütün bu illər ərzində qardaşı Asiflə ata evində yaşayıb. Müşfiq Hüseynov son üç ayı Rusiyada olub. Qətldən iki həftə əvvəl isə təzə tikdirdiyi evinə köçübmüş.
İstintaq Ruziyyə və Asif Hüseynovların bir-birinə yazdığı SMS-ləri də əldə edib. Ruziyyə qətldən sonra Asifə belə bir mesaj yazıb: “Gərək belə öldürməyəydik onu”. ( vesti.az )
İnterpress.az