“Avropa Oyunlarına qarşı təbliğat aparanlar başa düşürlər ki…”backend

“Avropa Oyunlarına qarşı təbliğat aparanlar başa düşürlər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Bakıda keçiriləcək ilk Avropa Oyunlarının beynəlxalq əhəmiyyətini necə xarakterizə edərdiniz. Ümumiyyətlə, idmanın beynəlxalq münasibətlərdə rolu nədən ibarətdir?

– İdman fundamental dəyər və fəaliyyət olaraq, 90-cı illərin əvvəllərindən başlayaraq daha yaxından BMT sisteminə və BMT-nin ixtisaslaşmış təşkilatlarının fəaliyyətinə inteqrasiya edilib. 1993-cü ildə BMT Baş Assambleyasının “Beynəlxalq İdman ili və Olimpiya İdealı” adlı qətnaməsi qəbul edilib. Olimpiya idealı isə idman vasitəsilə bəşəriyyətin inkişafı, qarşılıqlı anlaşma, sülh və inkişafı ehtiva edir.

Dövri olaraq, 1993-cü ildən etibarən isə BMT-nin Baş Assambleyası tərəfindən “İdman və Olimpiya idealı vasitəsilə sülhpərvər və daha yaxşı dünyanın qurulması” və “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə qəbul edilib. Azərbaycan Respublikası da bu qətnamənin qəbul olunmasında yaxından iştirak edib. Bu qətnamədə təhsil, sağlamlıq, inkişaf və sülh naminə qitələr səviyyəsində keçirilən idman tədbirlərinin əhəmiyyəti vurğulanır və 2015-ci ildə Torontoda keçiriləcək Pan-Amerika, Brazzavildə keçiriləcək Ümumafrika, 2018-ci ildə Cakartada keçiriləcək Pan-Asiya və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları xüsusilə alqışlanır.

Hazırda BMT çərçivəsində \”İdman sülh və inkişaf naminə\” adlı ofis fəaliyyət göstərir.

Burada da əsas məqsəd BMT-nin müvafiq strukturlarının fəaliyyətini əlaqələndirərək, idmanın BMT-nin müəyyən etdiyi Minilliyin İnkişaf Məqsədlərinin icrasına doğru istiqamətləndirilməsidir. İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Respublikası nəticə etibarilə Olimpiya Xartiyasında və BMT Baş Assambleyasının qətnamələrində təsbit olunduğu kimi, bu mötəbər idman yarışı vasitəsilə sülhə, davamlı inkişafa, qarşılıqlı anlaşmaya, mədəniyyətlər və dinlərarası dialoqa və ayrı-seçkiliyin aradan qaldırılmasına öz əsaslı töhfəsini verir. Azərbaycanı beynəlxalq səviyyədə təcəssüm etdirən yeni brend olaraq, Avropa Oyunları eləcə də BMT tərəfindən müəyyən edilmiş Minilliyin İnkişaf Məqsədlərinin milli, region və qitə səviyyəsində həyata keçirilməsinə dəstək verir.

– Özünü insan hüquqlarının müdafiəçisi adlandıran bir sıra QHT-lərin bu Oyunlara qarşı fəaliyyəti barəsində nə deyərdiniz?

– Azərbaycan Respublikası Olimpiya Xartiyasının məqsəd və məramlarına və fundamental prinsiplərinə sadiqliyini milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi uğurlu idman siyasəti ilə sübut edib. Olimpiya Xartiyasında təsbit olunduğu kimi, Olimpiya hərəkatının məqsədi insanın şərəf və ləyaqətini qoruyaraq, sülhsevər cəmiyyətin inkişafı etdirilməsi və idmanın ahəngdar şəkildə bəşəriyyətin inkişafına xidmət etməsini təmin etməkdir. Azərbaycan BMT çərçivəsində də fəal siyasət yürüdərək, ümumbəşəri dəyələr naminə idmanın təşviqində yaxından rol oynayır.

Olimpiya Xaritiyasında qeyd olunur ki, idmanla məşğuliyyət insan hüquqlarının ifadəsidir. BMT-nin İnsan Hüquqları Şurası tərəfindən İdman və Olimpiya idealı vasitəsilə insan hüquqlarının təşviqi adlı dövri qətnamələr qəbul edilir. Deməli, Bakı Avropa Oyunları əslində insan hüquqlarının ifadəsinə verilən bir töhfədir. Bunun müqabilində isə biz özünü “insan hüquqlarının müdafiəçisi” adlandıran bəzi təşkilatların Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini görürük. Bununla da bu təşkilatlar özlərinin əsl simasını sübut edirlər.

İdman siyasətdən kənardır və idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi qəbuledilməzdir. BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində 2014-cü ildə dünya dövlətləri tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə Bakıda keçiriləcək Avropa Oyunlarının əhəmiyyəti vurğulandığı halda, bəzi QHT-lərin bu cür fəaliyyəti dünya birliyinin iradəsinə hörmətsizlikdir.

Bakı-2015 Avropa Oyunları ümumbəşəri xoş məramlara xidmət etdiyi halda, bu cür destruktiv qüvvələrin fəaliyyəti onu deməyə əsas verir ki, onlar əslində mədəniyyətlər, dinlərarası dialoqun və multikulturalizmin möhkəmləndirilməsində, irqi ayrı-seçkiliyin və Avropada ciddi problem olan islamofobiyanın, radikal meyillərin aradan qaldırılmasında maraqlı deyillər.

Siyasi qısqanclıq da burada nəzərə alınmalı olan ciddi amildir.

Etiraf edilməlidir ki, yalnız idman obyektlərinə görə deyil, ümumi inkişaf, ölkədaxili və beynəlxalq nəqliyyat infrastrukturunun və digər zəruri şərtlərin olması baxımından heç də hər bir dövlət Olimpiya Oyunları miqyasında olan Bakı-2015 Avropa Oyunları kimi tədbirə ev sahibliyi etmək iqtidarında deyil. Azərbaycan isə çox qısa müddətində qitə səviyyəsində bu əhəmiyyətli tədbirə ev sahibliyi etməyə qadir olduğunu sübut edib.

Avropa Oyunlarına qarşı əks-fəaliyyət aparan dairələr də çox gözəl başa düşürlər ki, bu mötəbər tədbirdən sonra Azərbaycan uğurlu inkişaf strategiyasının davamı olaraq, beynəlxalq nüfuzu və çəkisi baxımdan tamamilə yeni bir mərhələyə qədəm qoyacaq.

İnterpress.az