Qələbənin 70 illi qeyd olundu – FOTObackend

Qələbənin 70 illi qeyd olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov, Prezidenti Administrasiyasının məsul işçisi Nəsimi Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak edib.

Öncə tədbir iştirakçıları Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Şəhidlər” abidə kompleksini ziyarət edərək, abidə önündə gül dəstələri düzüblər, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Tədbir “Nur” şadlıq sarayında çay süfrəsi arxasında davam etdirilib.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Lerik rayon təşkilatının sədri Hidayət Bəşirov çıxış edərək, 1941–1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu, azərbaycanlıların istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə göstərdikləri fədakarlıqlar barədə geniş məlumat verib. Bildirib ki, bu tarixi qələbənin əldə edilməsində leriklilərin də xidmətləri az olmayıb. 1941–1945-ci illərdə Lerik rayonundan 6500 nəfər cəbhəyə yola salınıb, onlardan 1584 nəfər həlak olub, 3314 nəfər müxtəlif dərəcədə yaralanıb.

Daha sonra natiq ulu öndər Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı göstərdiyini və bu kursun cənab Prezident tərəfindən davam etdirildiyini qeyd edib, bu qayğı və diqqətə görə veteranlar adından minnətdarlığını bildirib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov da bayram münasibəti ilə müharibə veteranlarını təbrik ediblər. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildiriblər.

Onlar Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 9 May – Faşizm üzərində Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına diqqət və qayğının artırıldığını, hər il Qələbə Günü münasibəti ilə dövlət büdcəsindən müharibə veteranlarına birdəfəlik maddi yardımların verildiyini və Azərbaycan övladlarının İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdırıblar.

Daha sonra müharibə veteranlarından Daşdəmir Paşayev, Salam Cabbarov və başqaları çıxış edərək faşizm üzərində qazanılmış qələbə ilə Azərbaycan xalqının da fəxr etdiyini, bu günün unudulmaz tarixə çevrildiyini bildiriblər. Qeyd ediblər ki, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığının bayram edilməsi, oğul və qızlarımızın göstərdiyi rəşadətin təbliği gənclərimizin Vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Veteranlar onlara göstərilən qayğı və diqqətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, onları unutmadığına, hər bir problemləri ilə maraqlandığına görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədov Qələbənin 70 illiyi münasibəti ilə xatirə medalını və hədiyyələr təqdim ediblər.

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə faşizm üzərində Qələbənin 70 illik yubileyi münasibəti ilə müharibə və bir qrup arxa cəbhə iştirakçısına maddi yardım verilib.

Bayram tədbiri rayon mədəniyyət kollektivinin rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

Qələbənin 70 illi qeyd olundu - FOTO

Qələbənin 70 illi qeyd olundu - FOTO

İnterpress.az