Məlumat üçün qeyd edim ki, bir neçə il bundan əvvəl “Qərbi Azərbaycana (indiki Ermənistana) Dönüş” İctimai Birliyinin DAK-ın tərkibində fəaliyyət göstərməsi üçün onun İdarə Heyətinə, həmsədri cənab Sabir Rüstəmxanlıya müraciət etdik. İdarə Heyətinin qəbul etdiyi qərara əsasən İctimai Birliyimiz DAK-ın tərkibində fəaliyyət göstərməyə başladı. Bizə ayrılmış qərargah müvafiq ləvazimat və sənədlərlə təmin edildi. Bu işlərin həyata keçirilməsində həmsədr S.Rüstəmxanlı bütün imkanlarından istifadə etdi və bütün qərbi azərbaycanlıların xüsusi rəğbətini qazandı.
Ölkə prezidenti cənab İ.Əliyevin 3 milyondan çox qərbi azərbaycanlıların (indiki ermənistanlı Azərbaycan türklərinin) – İrəvan xanlığı əhalisinin öz dədə-baba yurdlarına qayıtmaları barədə qaldırdığı vacib məsələ DAK tərəfindən daim gündəmdədir. DAK İdarə Heyətinin və onun həmsədrləri S.Rüstəmxanlı və Firudin Pərvizniya “Qərbi Azərbaycana (indiki Ermənistana) dönüş” İB ilə birlikdə Dünyanın bir sıra ölkələrində keçirdikləri tədbirlərdə İrəvan xanlığı torpaqlarının və Dağlıq Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə kimi ən vacib məsələni həmişə ön plana çəkirdilər.
Bu gün də DAK-la sıx əlaqədə olan “Qərbi Azərbaycana (indiki Ermənistana) Dönüş” İctimai Birliyi keçirdiyi bütün tədbirlərdə Güney Azərbaycanla bağlı müxtəlif məzmunlu “Bəyanat”lar qəbul edilir və İran rejiminin ədalətsiz mövqelərini qətiyyətlə pisləyir, güneylilərin haqlı tələbləri həyata keçirilməsi tələb olunur, quzeylilərin həmişə onların yanında olduqları bəyan edilir.
DAK-ın qərargahında ofislə təmin edilmiş “Borçalı” İB (birliyin rəhbəri Zəlimxan Məmmədli DAK İdarə Heyətinin üzvüdür.) Gürcüstanda yaşayan 500 mindən çox soydaşlarımızın ictimai-siyasi durumlarının yaxşılaşdırılması yönümündə daim səmərəli fəaliyyətdədir.
DAK-la sıx əməkdaşlıqda olan Beynəlxalq Diaspol Mərkəzi (mərkəzin rəhbəri İsmayıl Ağayev DAK İdarə Heyətinin üzvüdür.) Dünya Azərbaycanlılarının hüquqlarının müdafiəsi yolunda, torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda və s. çox ciddi və əlamətdar tədbirlər keçiməkdədir.
Əjdər bəy, DAK-ın elə bir tədbiri olmamışdır ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyi müzakirə edilməsin, onların tapdanmış siyasi və mənəvi hüquqlarının bərqərar edilməsi və ədalətsizliklərə son qoyulması tələbləri ilə bağlı “Bəyanat”lar qəbul edilməsin. DAK bu gün də dünyanın əksər ölkələrinə səpələnmiş azərbaycanlıların hüquqlarının müdafiəsinin carçısı kimi tanınmaqdadır.
Bəy, Güneyli qardaşlarımıza DAK-ın havadarlığını bilmək istəyirsənsə, Sabir Rüstəmxanlının “Ayətullah Seyid Əli Xameneyiyə Açıq Məktub” məqaləsini diqqətlə oxuyun. Siz Azərbaycan ədəbi dilinin bütün qrammatik, orfoepik qaydalarını pozaraq fars ləhcəsində – Azərbaycan dilində danışarkən və ya har hansı bir mətbuata müsahibə verərkən onu dilimizə tərcümə edib ortaya çıxarın. Yaxşı bilirsiniz ki, güneyli qardaşlarımız dünyanın hər yerinə səpələnmişlər. Sual edirəm, güneylilərə bu qədər canınız yanırsa, nə üçün DAK-ın tərkibində hər hansı bir İctimai Birlik yaratmırsınız? Boş-boşuna, çığır-bağırla danışmaq, savadsız və məsləksiz adamların işidir. Quzeylilərin güneylilərə kömək etməməkdə ittiham etmək, sizin kimi adamların hansı məsləkə qulluq etmələri hamıda şübhə doğurur. Mən sizi 9 ildir tanıyıram. Bu 9 ildə təxminən 60-70 dəfə çıxış etmisiniz. Həmişə eyni mövzu, eyni sözlər, boş və mənasız çığır-bağırdan savayı heç nə eşitməmişəm. Sizin kimi qondarma siyasətçilərin “xidməti” sayəsində İran dövləti erməni işğalçıları ilə doğma qardaşa çevriliblər. Bu gün də həmin siyasətin əzablarını çəkirik. Quzey Azərbaycanın bu günkü durumunu bilə-bilə 9 milyonluq quzeylilərdən 40 milyonluq güneylilərə kömək tələb edirsiniz?!
Bəy, yadınızda saxlayın, DAK var, bu təşkilat öz nizamnaməsinə uyğun fəaliyyətini davam etdirir və gələcəkdə də davam etdirəcəkdir. Lakin sizin kimi əqidəsiz adamlar o qurumda olmayacaqlar.
Əjdər bəy, siz qurultayın gedişinə haqsız olaraq kölgə salır, özünüzü qəhrəman kimi qələmə vermək istəyir və sözünüzə haqq qazandırmaq üçün İ.Qəmbəri, P.Hüseynovu şahid göstərirsiniz. Əvvəla, sizin şahidləriniz 200 nəfərin içərisindən 2 nəfərdir və mən inanıram ki, lazım gəlsəydi onlar öz iradlarını təşkilatçılara deyərdilər. İnanmıram ki, onlar sizin kimi saxtakara şahidlik edərək onun-bunun üzünə dursunlar.
Mən sizinlə bir neçə qurultayın iştirakçısı olmuşam. Heç bir maddi vəsait xərcləmədən həmişə yığıncaqların yuxarı başında oturmusunuz, otellərin ən yaxşı otaqlarında istirahət etmisiniz.
Yaxşı bilirsiniz ki, DAK-ın XIII qurultayında 200 nəfərdən çox nümayəndə iştirak edirdi. Onlar Avropa, Asiya, Amerika, Avstraliya qitələrini və digər bölgələri təmsil edirdilər. Bir qismi isə qurultaya qonaq kimi dəvət edilmişdilər. Onlardan 40 nəfərə yaxın qurultay nümayəndəsi və qonaqlar çıxış etdilər. Onların arasında millət vəkilləri, dövlət xadimləri, müxtəlif ictimai-siyasi təşkilatların rəhbərləri var idi. Sizə də çıxış üçün söz verildi, 5 dəqiqə əvəzinə 35 dəqiqə həmişəki kimi boş və cəfəngiyyat danışmağınız, türkü, kürdü, azərbaycanlıları və s. millətləri ittiham etməyiniz, loru sözlərlə onları qarşı-qarşıya qoymağınız bir çox qurultay iştirakçılarını gülüşünə səbəb oldu. Ən ağıllı sözünüz isə DAK-dan getməyinizi bildirməyiniz oldu. Ona görə də sizi alqışladılar.
Qurultaya bu qədər ziyalıların qatılması və böyük coşqu ilə iştirakı Sabir bəy və Tənzilə xanım Rüstəmxanlıların, DAK-ın İdarə Heyətinin yüksək səviyyədə təşkilatçılıq qabiliyyətinin təzahürü, DAK kimi ictimai qurumun böyük rəğbətə malik olduğunun əyani sübutu idi.
Bəy, qurultayda güneylilərdən cəmi 3-4 nəfərdən ibarət iştirakçının təmsil olunmasının günahı isə sizin günahınızdır. Hər gün saatlarla Sabir bəyin otağında oturub, boş cəfəngiyyat danışmaqdansa güneylilərin qurultayda iştirakını təşkil etsəydiniz daha yaxşı olardı.
Bəy, müstəqil dövlətimizdə çox az sayda hərtərəfli qabiliyyətə, ziyalı əqidəsinə malik insanlar qalıb. Onların məhv etməyə, “başını yeməyə” çalışmayın. Onu da yəqin edin ki, Dünya Azərbaycanlılarının bir müstəqil dövləti var – bu Azərbaycan Respublikasıdır. Lazım olarsa, DAK Azərbaycana da köçə bilər. DAK-ı heç kəs dəfn edə bilməz, onun fəaliyyətinə son qoymaq istəyənlərin özləri dəfn olunacaqlar.
Əjdər bəy, İranda da, Turanda da baş verənlərdən hər bir insan halidir. Qanında, canında Vətənə məhəbbət hissi olan hər bir vətəndaş onun xoşbəxt gələcəyi yolunda əlindən gələn hər şeyi etməlidir. Mənsub olduğumuz millətin taleyi elə gətirib ki, mövcud olmaq üçün daim mücadilə etmişik, bugün də edirik və nəticədə qalib gələcəyik.
Bizə heç vaxt peyğəmbərlər kömək etməyib. Sabir Rüstəmxanlı da heç vaxt peyğəmbərlik iddiasında olmayıb. Güneylilər də peyğəmbər gözləməsinlər, onun əvəzində öz insani hüquqlarını, öz haqlarını bərpa etməyə çalışsınlar. Başa düşün ki, quzeylilər həmişə onların yanındadırlar. Sizin həmişə bir yerdə olduğunuz, “tonlarla” çörək kəsdiyiniz, dost-qardaş dediyiniz S.Rüstəmxanlı haqqında belə naqis sözləri ortaya atmağınız, sizin səviyənizin meyarını göstərir və kimlərəsə xidmət etməyiniz yaxın vaxtlarda bəlli olacaq.
S.Rüstəmxanlı Xalq yazıçısıdır, Elmlər namizədidir, Millət vəkilidir, VHP-nin sədridir, DAK-ın həmsədridir, xalq arasında böyük hörmət qazanmış onlarla yüksək səviyyəli ədəbi-bədii kitab və məqalələrin müəllifidir. Ən əsası isə Vətənini və millətini sevən, bir əqidəsi olan, dünyada tanınan ziyalılarımızdan biridir.
Əjdər bəy, bəs siz kimsiniz?..
DAK Qərbi Azərbaycan (indiki Ermənistan) Nümayəndəliyinin rəhbəri
Səməndər Çaxmaqlı
İnterpress.az