Bayraqdar kimi tanınan Elman Türkoğlu jurnalistin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyib. Binəqədi Rayon Məhkəməsində bu iddia ilə Xədicə İsmayıl təqsirli bilinərək 2500 manat cərimələnməsinə dair qərar çıxarıb. Qərardan apelyasiya şikayəti verilib.
Aprelin 28-də Bakı Apelyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Vəkil Yalçın İmanov Modern.az saytına bildirib ki, müdafiəçilər ötən məhkəmə prosesində işə məhkəmə istintaqı qaydasında baxılmasını istəyiblər, amma bu vəsatət təmin olunmayıb: “Apelyasiya Məhkəməsinin ilkin qərarından Ali Məhkəməyə şikayət verdik. Məhkəmə qeyri müəyyən vaxta qədər təxirə salındı”.
2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl jurnalist Tural Mustafayevi özünü öldürməyə cəhd həddinə çatdırmaqda ittiham olunur.
Bakı İstintaq Təcridxanasında saxlanılan Xədicə İsmayılla əlaqədar başqa istintaq və məhkəmə işləri də var. Ötən il fevralın 17-də Xədicə İsmayıl “Facebook” şəbəkəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən material yayıb. Materialda MTN-in müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs olunur. Jurnalist materialı ona hazırda Fransada yaşayan sabiq MTN zabiti Ramin Nağıyevin 2011-ci ildə ötürdüyünü deyir. Sözügedən materialla əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Xədicə İsmayıl fevralın 17-də “Facebook”da yaydığı materiala görə məhkəməyə də çəkilib. Onu xalq hərəkatı fəalı Elman Türkoğlu məhkəməyə verib. Jurnalistə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsində Elman Türkoğlu qeyd edib ki, Xədicə İsmayıl “Facebook”da yaydığı materialla onun adını MTN-in agenti kimi hallandırıb, şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.
İnterpress.az