Bunu Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
İ. Əliyev qeyd edib ki, Ermənistanın işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb. “Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Ərazimizin 20 faizi hələ də işğal altındadır. Bir daha qeyd etməliyəm ki, bir çox beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib. BMT, onun Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu mötəbər təşkilatlar birmənalı olaraq Azərbaycanın haqqı işini dəstəkləyərək müvafiq qərar və qətnamələr qəbul ediblər”, – deyə o bildirib.
Azərbaycan prezidenti vurğulayıb ki, bu məsələ və bütün başqa məsələlər beynəlxalq hüquq əsasında öz həllini tapmalıdır: “Beynəlxalq hüququn fundamental prinsipi isə ölkələrin ərazi bütövlüyüdür. Bu məsələdə beynəlxalq birlik vahid mövqe nümayiş etdirməlidir. Burada heç bir ayrı-seçkiliyə yol verilməməlidir. Bütün ölkələrin ərazi bütövlüyü eyni yanaşma ilə tənzimlənməlidir”.
İnterpress.az