Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 25 yaşlı Şamil Qadaşov banditizm, oğurluq, qaçaqmalçılıq və qanunsuz odlu silah saxlamaqda təqsirləndirilir. Ş. Qadaşov ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, Ş. Qadaşov Qusarda polis əməkdaşlarına basqın edən radikal dini qruplaşmanın üzvlərindən biri olub. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Radif Ağamuradov Qusarda vəhhabi təriqətinə mənsub olan şəxslərdən “Ömər” ləqəbli Faiq Şahmuradov, “Əbu Hənifə” ləqəbli Ramiz Rəhimxanov, “Seyfullah” ləqəbli Edik Rüstəmov, Şamil Qadaşov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib, külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq, Azərbaycana gətiriblər. Dəstə üzvləri həmin silahlarla Azərbaycanda bir sıra cinayət törədiblər. Onlar həmçinin Qusarın Həzrə və Aşağı Ləyər kəndləri arasındakı meşə massivində əvvəlcədən düzəltdikləri mağara tipli sığınacaqda polis əməkdaşı Qalib Quliyevi qətlə yetirib, digər üç polis əməkdaşına – Mövlud Əliyev, Cəmil Nəsirov və Məhəmməd İbrahimova isə xəsarət yetiriblər.
Daxili İşlər Nazirliyi və Daxili Qoşunların xüsusi təyinatlı qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində dəstənin əksər üzvləri tutulub. Bu il mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə hökm oxunub. Hökmə əsasən, 6 nəfər 14 il, 1 nəfər 13 il, 1 nəfər 12 il, bir nəfər isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az