Bakıdakı karaoke klublarından birində əlbəyaxa döyüş ustası gücünü qadın üzərində sınayıb. Olayın maraqlı yönü odur ki, döyülən qadın da idmançıdır.
Hadisə ötən gecə Yasamal rayonu ərazisində yerləşən məşhur “Famous” karaoke-klubda baş verib.
Elvira Əliyeva saat 03 radələrində karaoke-klubda rəfiqəsi Diana Babayeva ilə əylənirmiş. Elvira mahnı oxuyan zaman qaydasız döyüş üzrə çempion olan İsa Əzizov onlara qarşı gözlənilməz addım atıb.
Hadisə barədə zərərçəkmiş E.Əliyeva Milli.Az-a açıqlamasında başına gələnləri belə nəql etdi:
“Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni, \”xeyr\” cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi.
Yenə də onu tanımadığımı bildirdim. Əli ilə də qapını elə tutmuşdu ki, çıxa da bilmirdi. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə “ağıllı ol” dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və sillə vurdu. Durub itələdim, bundan sonra yumruq və təpiklər başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib məni tualetin qarşısında ağız-burnumu qan içində görüb”.
E.Əliyevanın başına gələnlər bununla da bitməyib. Zərərçəkmiş əlavə etdi ki, İsa onu tualetə salıb bağlamaq istəyirmiş, ancaq dostları yaxınlaşıb polis gəldiyini deyəndən sonra fikri dəyişib:
“Sonra məni “Gelandewagen” markalı, 99 HN 999 markalı avtomobilə saldı. Rəfiqəm klubun mühafizəçiləri və polislərdən kömək istəsə də, aldığı cavab “sən ağzını yum” olub”.
Birtəhər canını qurtaran E.Əliyeva 1 saylı Şəhər Xəstəxanasına gedib, Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Bədənindən, başından xəsarət alan E.Əliyeva şəkillərini Milli.Az-a göndərib.
İddialara görə, İ.Əzizov məşhur bir şəxsin övladıdır və belə hərəkətləri bir neçə dəfə olub. Bir neçə gün əvvəl də “Skech lounge”da buna oxşar hadisə törədib.
İ.Əzizovun özü ilə əlaqə saxlamağa çalışsaq da, səylərimiz nəticə vermədi.
İnterpress.az