İnterpress.az xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə keçirilən festivalın açılış mərasiminə Qırğızıstan, Macarıstan, Tatarıstan, Yunanıstan, Bolqarıstan və digər 21 ölkədən və muxtar qurumdan 35 uşaq kollektivi qatılıb.
Festivalda Azərbaycanı Bakı Atatürk Liseyinin 5 A sinifinin şagirdlərindən ibarət “Turan” qrupu təmsil edib.
Tədbir İstanbulun Asiya tərəfindəki Söyüdlüçeşmə bölgəsindən başlanıb. Təmsil etdikləri ölkələrin bayraqlarını dalğalandıran uşaqlar yürüş boyu sülh çağırışları olan süarlar səsləndiriblər.
Sonra Kadıköydəki Atatürk meydanında festivalın açılışı olub. Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazqan və Kayahan Yazqan ənənəyə çevrilmiş bu festivalın “Dildə, fikirdə və işdə birlik” şüarının gerçəkliyə çevrilməsindəki əhəmiyyətindən danışıblar.
Sonra Azərbaycan təmsilçiləri “Uzundərə” rəqsini ifa ediblər. Bakı Atatürk liseyinin “Turan” qrupunun təşkilatçıları olmuş liseyin müəllimələri Arzu Quliyeva, İlhamə Məmmədova və Səbinə Danyarbəyli də xüsusi mükafata layiq görülüblər. Bakı Atatürk Liseyinin şagirdi İrəm Sultan Demir türk televiziyalarında canlı yayım proqramlarının qonağı olub.
“Turan” qrupunun üzvləri-Narıngül Xuduzadə, Toğrul Məmmədli, Tamella Danıyarbəyli, Humay Məmmədli, Elcan Süleymanlı, Nihad Nəsibov, Nəzrin Babayeva, Aydın Alısoy, Lamiya Hüseyn, Atilla Alisoy, İbrahim Məmmədov digər ölkələrdən gələn uşaqlara Azərbaycanla bağlı bilgilər veriblər.
Festival mayın sonunadək davam edəcək.
İnterpress.az