Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunmuş brifinqdə bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planları qurulub.
Onun sözlərinə görə, plan dövlət qurumları ilə birgə hazırlanıb: “Nəqliyyat planlarının işlənib hazırlanmasında əsas məqsəd oyunlar zamanı sakinlərin gündəlik həyatına, şəhərdə fəaliyyət göstərən şirkətlərin, qurumların iş fəaliyyətlərinə təsirlərin minimal olmasıdır. Bütün bunlar sınaqdan keçirilib. Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi məqsəd götürülüb”, – A. Hüseynli qeyd edib.
Menecer əlavə edib ki, bu gündən etibarən \”Oyunların zolağı\”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib: \”Zolağa həm yol polisi, həm NİİM-in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanuna uyğun şəkildə cərimə olunacaqlar\”.
A. Hüseynli qeyd edib ki, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılır: “Lakin biz çalışacağıq ki, bunun əhaliyə təsiri minimum olsun”.
İnterpress.az