Eldəniz Quliyev: “Deyirlər ki, bu küçədə bu hissəni süpürməlisiniz”backend

Eldəniz Quliyev: “Deyirlər ki, bu küçədə bu hissəni süpürməlisiniz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Modern.az saytına Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın üzvü, kinodramaturq Eldəniz Quliyev deyib.

2014-cü il oktyabrın 30-da Nəsimi rayon Məhkəməsi Eldəniz Quliyevi təhqir və böhtanda təqsirli bilərək ona 480 saat müddətində ictimai işlər, 140 manat linqvistik ekspertizanın haqqını ödəmək, 1000 manat cərimə və ölkədən çıxmamaq barədə cəza kəsib. Qərar daxili işlər naziri Ramil Usubovun xüsusi ittiham qaydasında iddiası əsasında çıxarılıb.

Eldəniz Quliyev bildirib ki, Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb: “Həmən gündən 1140 manatı ödəməyə başlamışam. Artıq 10 gündən çoxdur 480 saat ictimai işlə də məşğulam. Şənbə, bazar və bayram günlərini çıxmaqla 6 aya qədər işləməliyəm. Bu qanunsuz olduğu üçün 480 saatlıq işdən azad olunmağım haqqında yenidən məhkəməyə müraciət etmişəm. Müraciətimə iyunun 1-də Nəsimi rayon Məhkəməsində baxılacaq. Cinayət Məcəlləsinin 47.4.4 maddəsinə əsasən, pensiya yaşına çatmışlar ictimai işlər tətbiq oluna bilməz. Bunu əsas götürərək məhkəməyə müraciət etmişəm, ümid edirəm ki, məhkəmə bu dəfə ədalətli qərar çıxarar. Başıma gələn əhvalatların sifarişli olmasını nəzərə alaraq, düşünürəm ki, bu məhkəmədə də qanunu tapdalaya bilərlər.

Ədliyyə Nazirliyinin icra şöbəsi Nəsimi rayon kommunal təsərrüfat idarəsinə müraciət edib ki, məni işlə təmin etsinlər. Onlar da məni Nəsimi rayon 14 saylı Mənzil-İstismar Sahəsinə təklif ediblər. Artıq adıma qeydiyyat jurnalı açılıb, hər gün gedib işimi görüb qol çəkib gəlirəm. Gedirəm idarəyə mənə göstərirlər ki, bax bu küçədə bu hissəni süpürməlisiniz. Deyilən işi yerinə yetirirəm”.

“Bu işləri icra edərkən utanc hissi keçirirsinizmi, kimisə görəndə başınızı aşağı salmısınızmı” sualına Eldəniz Quliyev belə cavab verib: “Utanmağına utanıram. Amma bu hakimiyyətin, hüquq sisteminin, məhkəmənin və Ədliyyə Nazirliyinin əvəzinə. Başqa utanc hissi yoxdur məndə. Yaxınlarım və ailə üzvlərim bu məsələyə ağrılı yanaşdılar. Mən tək Ziyalılar Birliyinin sədri deyiləm, həm də Milli Şuranın rəhbərliyində təmsil olunuram. Yüzlərlə əqidədaşım gəlib əvəzimə o işləri görmək istəyir. Ancaq razılıq vermirəm. Əslində mən yerdən hökmü icra etdirənlərin mənəviyyatına hopmuş zibili süpürürəm.

Yeganə adamam ki, bu cəzanı ilk dəfə mənim üzərimdə sınayıb başqalarına dərs keçmək istəyirlər. Bununla onlar mübariz insanların qəzəbini artırırlar. Qanunla ictimai işlər bitdikdən sonra ölkədən çıxmağım barədə qoyulmuş qadağa götürüləcək”.

İnterpress.az