BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu gün səhər saat 08.00-dan paytaxtın bəzi küçə və prospektlərində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub: “Yol Patrul Xidməti inspektorları qadağan olunmuş zolağa daxil olan avtomobillərin müşahidə kamerası vasitəsilə qeydiyyatını aparır. Saat 17.00-a qədər müvafiq icazəsi olmayan 600-dən çox nəqliyyat vasitəsi barədə inzibati protokol tərtib edilib. Bu qaydanı pozanlar 40 manat cərimə olunur”.
V. Əsədov Avropa Oyunlarına təhkim olunmuş avtomobillər üçün müəyyənləşdirilən sarı zolaqların digər zolaqlarla kəsişməsində üstünlüyün sarı zolaqda hərəkətdə olan nəqliyyat vasitəsində olduğunu bildirib. O, sarı zolaqlarda hərəkətlə bağlı digər avtomobillər üçün tətbiq olunan qadağanın iyul ayının 1-nə qədər qüvvədə qalacağını diqqətə çatdırıb. V. Əsədov sürücülərə bu zolaqlarda hərəkət etməməyi tövsiyə edib.
İnterpress.az