Bunu AzNews.az-a millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, Rəsulzadənin büstünün başına keçirilən örtük təmir məqsədi ilə edilsəydi, təbii ki, Sabir Rüstəmxanlı buna normal baxardı: “Amma 4 il bu büstün örtükdə qalması heç də xoşagələn hal deyil. Özü də bu addımı Azərbaycan tarixində önəmli yeri olan Məmməd Əmin Rəsulzadəyə qarşı atıblar. Gərək belə şeylərə yol verilməsin. Yadınızdadırsa, bir vaxtlar Bakıda isə Rəsulzadənin büstünü gizlincə sökmüşdülər. Belə insanlara qarşı hörmətsizlik etmək yanlış yoldur”.
Millət vəkili Musa Quliyevin “Çuval sözünü də Fazil Mustafa ilə Sabir bəy işlədib. Bu sözü işlətmək Məmməd Əminin özünü aşağılamaqdır” ittihamını belə cavablandırıb: “Mən heç vaxt çuval sözü işlətməmişəm. Mənim belə bir ifadəm olmayıb. Demişəm ki, bunu təmirlə bağlayırlar. Təmir isə 4 il davam edə bilməz. Gördüyünüz kimi bu, sonda narazılıq yaratdı. Sabir bəy bunu çıxışında Amerika əsgərlərinin türk əsgərlərinin başına keçirtdiyi çuvalla müqayisə konteksində demişdi”.
F.Mustafa əlavə edib ki, istənilən halda millət vəkili Sabir Rüstəmxanlı bu məsələni qaldılmasaydı, Rəsulzadənin büstü elə qapalı qalacaqdı.
İnterpress.az