İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, tikinti, maliyyə, ekologiya, inşaat materiallarının istehsalı və digər sahələri təmsil edən iş adamları iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, yüksək səviyyəli səfərlərin və görüşlərin əməkdaşlığın inkişafında xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan-Polşa əlaqələri bir çox sahələri, o cümlədən iqtisadi sahəni əhatə edir və uğurla inkişaf etdirilir. Azərbaycan və Polşa arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan Ş.Mustafayev kənd təsərrüfatı, sənaye, infrastruktur, İKT, turizm, energetika və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu bildirib.
Y. Pexoçinski isə Polşa və Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizdəki inkişafın Polşa tərəfində böyük təəssürat yaratdığını vurğulayıb. Polşa iqtisadiyyatına dair məlumat verən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb. Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və turizm sahəsində Azərbaycanın böyük potensiala malik olduğu və Polşa tərəfinin ölkəmizlə əməkdaşlıqda maraqlı olması qeyd olunub.
İşgüzar görüş çərçivəsində Azərbaycan və Polşa arasında iqtisadi əlaqələrin genişləndirilməsi (kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, turizm, ekologiya və digər sahələrdə) perspektivləri müzakirə edilib.
İnterpress.az